"Dünyada demokratiya anlayışı altında bütün ərəb dövlətlərini bu ağır duruma salan, elə ABŞ-ın özüdür. Hətta ABŞ siyasətçiləri özləri belə bunu etiraf edirlər. Bu günlərdə Ron Polun yeni təhlükələrin silah istehsal edən şirkətlərə böyük gəlir gətirməsi fikri bir daha onu göstərdi ki, silah alveri etmək üçün dünyanın siyasi sabitliyinin pozulmasında ABŞ maraqlıdır." Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev son zamanlar ABŞ-ın bəzi siyasi dairələri tərəfindən Azərbaycana qarşı böhtan xarakterli ittihamlar səsləndirilməsinə münasibətini açıqlayarkən deyib. Millət vəkili qeyd edib ki, ABŞ da irqi ayrı seçkilik zəminində baş verən insan ölümləri, hüquq-mühafizə orqanlarına edilən təzyiqlər, iğtişaşlar bu dövlətin nə qədər "demokratik", "sülhsevər" olduğunun göstəricisidir: "Mən demokratiya idxalçısıyam" prinsipi ilə dünya dövlətlərini idarə etdiyini zənn edən ABŞ siyasi dairələri məhz öz əlləri ilə yaratdığı münaqişələrdən gəlir və mənfəət götürməklə yanaşı, həm də korrupsiya hallarına yol verirlər. Saysız-hesabsız korrupsiya cinayətləri ABŞ-da işsizlikdən sonra ikinci ən böyük bəla hesab edilir. Qazanclarını müharibələrdən, insan qətillərindən, inqilablardan əldə edən ABŞ-ın siyasi dairələri və onlara pul buraxan erməni lobbisi indi də gözlərini Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına dikiblər. Əlbəttə ki, burada onların siyasi, iqtisadi maraqlarının təmin olunmaması ilə yanaşı, həm də külli miqdarda maddi gəlir əldə etmək maraqları dayanır. Yəni ölkəmizdə keçiriləcək Avropa Oyunlarına qarşı oynadıqları şoulara siyasi korrupsiyalar vasitəsi ilə təzyiq etməyə cəhd göstərirlər. Ancaq bütün bunlar baş tutacaqmı? Əlbəttə ki, yox. Çünki Azərbaycan xalqı dünyada baş verən kataklizmləri, dağıdıcı prosesləri görür və doğru məntiqi nəticə çıxarır".Adil Əliyev həmçinin onu da vurğulayıb ki, heç bir təzyiq, heç bir qərəz, şər və böhtan güclü, müstəqil Azərbaycana təsir etmək iqtidarında deyil: "Bu baxımdan hesab edirəm ki, daha əvvəllər də bu kimi hallarla rastlaşan Azərbaycan dövləti indiki məqamda da öz qətiyyətli sözünü deyəcək. I Avropa Oyunları öz möhtəşəmliyi ilə dünya tarixinə qızıl hərflərlə həkk olunacaq".
sia.az