PDF Oxu

Siyasət

  • 12

Vitse-spikerdən Avropa Parlamentinə ETİRAZ

Vitse-spikerdən Avropa Parlamentinə ETİRAZ

Bahar Muradova: "Qəbul edilən qərar ədalətsiz, qərəzli, ikili standartlara söykənir və Avropa Parlamenti kimi beynəlxalq qurumların içərisində özünə kök salan bu kimi sterotiplərin fəaliyyəti nəticəsində meydana çıxıb"

"Düşünürdüm ki, Avropa Parlamentinin üzvlərinin bir qisminin cəsarəti çatacaq ki, bu kimi qətnamənin müzakirəsinin gedişində, hətta onun qəbuluna əngəl ola bilməsə də, öz sözünü söyləsin. Çox təəssüf ki, qətnamənin qəbulu prosesində yalnız erməni dəyirmanına su tökənlərin çıxışlarını eşitdik. Bunun nəticəsində də belə bir sənəd qəbul olundu". Bunu SİA-ya Milli Məclisin sədr müavini Bahar Muradova Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənədə münasibət bildirərkən deyib.B. Muradova bildirib ki, bu qərarın qəbulunun faktiki olaraq prosesə hər hansı bir təsiri yoxdur: "Çünki, bu qərarın hüquqi qüvvəsi yoxdur. Haqqında məhkəmə hökmü olmayan, tarixən araşdırılmayan, heç bir fakta, ciddi arqumentə söykənməyən, havadan götürülmüş fikirlər əsasında belə sənədlərin qəbul edilməsi Avropa Parlamenti kimi ciddi sayıla biləcək qurumun imicinə ciddi ləkədir".Vitse-spikerin sözlərinə görə, öz ölkəsinin tarixini əməli bilməyən, bu və ya digər səbəbdən siyasi proseslərə, ictimai həyata qoşulub mandat əldə edən bəzi bu tip insanlar başqalarının əlində, onların siyasi məqsədlərinə alət ola bilərlər: "Öz ölkəsinin tarixinə dərindən bələd olmayan, hələ ortada konkret sənədlər, tədqiqatlar olmadan yüz il əvvəl baş vermiş hadisə haqqında belə fikirlər səsləndirirsə, bu yalnız onu söyləməyə imkan verir ki, onlar həqiqətən hansısa dairənin göstərişini, sifarişini məqsədli şəkildə həyata keçirirlər və bu da müəyyən maraqlara söykənir. Bunun hansı maraqlara söykəndiyini biz dəfələrlə söyləmişik. İndi bunu yenidən deməyə lüzum görmürəm. Çünki, burada Türkiyənin tarixən və bu gün özünəməxsus, müstəqil, kənar iradəyə tabe olmayan siyasət yeritməsi, eləcə də bu ölkə ilə Avropanın tarixi qədimlərə çıxan özünəməxsus münasibətlərinin və digər başqa səbəblərin rol oynadığını mütləq vurğulamaq lazımdır. Amma, 21-ci əsrdə, beynəlxalq hüququn prinsiplərinin əldə rəhbər tutulmalı olduğu çox ciddi bir dönəmdə və hazırda dünyada gedən proseslər hər bir siyasətçini, parlamentarini, dövlət rəsmisini məsuliyyətli qərarlar qəbul etməyə vadar etməlidir ki, biz dünyamızı təhlükələrdən xilas edək. Belə bir məqamda tam subyektiv amillərə söykənən bir qərara imza atmaq bu insanların doğrudan da qeyri-ciddi və dünyamızın nə bu günü, nə gələcəyi ilə bağlı ciddi, obyektiv düşüncə sahibi olmadıqlarını göstərir".B. Muradova deyib ki, Avropa Parlamentindəkilər Ermənistanın təcavüzkar siyasəti, tarixi, bu günü və gələcəyə yönəlmiş perspektivləri barədə məlumatsız deyillər: "Bunlar elə açıq-aşkar faktlarla ortadadır ki, bunun üçün tarixi faktlara, sübutlara ehtiyac yoxdur. Çünki, Xocalı Soyqırımı, Azərbaycan ərazilərinin işğal olunması və Ermənistanın təcavüzkar siyasəti açıq-aşkar ortadadır. Ona görə də bunun sübuta ehtiyacı yoxdur. Bütün bunları görməmək, qiymət verməmək və dəyərləndirməməklə Ermənistanın bu siyasətinə təkan verən, dəstəkləyən qərarların qəbulu ilə onlar özlərini çox ciddi bir oyunun içərisinə salıblar. Hesab edirəm ki, bu oyunlar da dinlərarası, dövlətlərarası, millətlər və xalqlararası münasibətlərə ziyan gətirməkdən başqa heç nəyə yaramayacaq. Ona görə də bu sənədi qəbul edənləri və onun qəbul olunmasını düzgün hesab edənləri qınayıram. Eyni zamanda dünya ictimaiyyətinin digər hissəsinin belə qərarlarla dünyadakı mövcud düzəni, nizamı pozmaq istəyənlərə qarşı səsini ucaltmasını arzu edirəm. Hesab edirəm ki, qəbul edilən qərar ədalətsiz, qərəzli, ikili standartlara söykənir və Avropa Parlamenti kimi beynəlxalq qurumların içərisində özünə kök salan bu kimi stereotiplərin fəaliyyəti nəticəsində meydana çıxıb".

sia.az

Digər xəbərlər