Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının qərargahında partiyanın şura iclası keçirilib. Şura iclasında YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, partiyanın rayon təşkilatının üzvləri Zümrüd Rzayeva, Namiq Cəfərov, Nəsir Həsənov və fəallar iştirak ediblər.
Tədbirdən öncə, iclas iştirakçıları görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclasa sədrlik edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov gündəlikdə duran məsələlər barədə danışıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbirlər planı təsdiq olunub.
Rayon təşkilatının sədri bildirib ki, türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub: "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Ümummilli Liderin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Zəngin hadisələrlə dolu gərgin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub".
Rayon təşkilatının sədri həmçinin qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün bizi sevindirən ən əsas cəhət odur ki, Ulu Öndərimizin ölməz ideyaları Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş olunur. Ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir".
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov ilk partiya təşkilatlarının sıralarına qəbulla əlaqədar qərarları oxuyub və həmin qərarlar şura iclası iştirakçıları tərəfindən təsdiq olunub.
Şura iclasında "AQROVEST" ərazi ilk partiya təşkilatı yaradılıb və təəssübkeşlərin iclasının qərarı təsdiq edilib. Çıxış edən "AQROVEST" ərazi ilk partiya təşkilatının sədri Əkbər Məmmədov qeyd edib ki, o və həmkarları ərazi ilk partiya təşkilatının yaradılmasından qürur hissi keçirir və partiyanın uğurlarında, qələbələrində bundan sonra daha böyük töhfələr verməyə çalışacaqlar. Belə ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Onun layiqli davamçısı Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yürüdülən mütərəqqi siyasət Azərbaycanın inkişaf və tərəqqisində xüsusi rol oynayır. Bu uğurlarda Yeni Azərbaycan Partiyasının da öz töhfələri vardır.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədr müavini Elton İbrahimov çıxış edərək bildirib ki, rayon təşkilatının gəncləri hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarını əsas götürərək, ölkənin inkişafında öz uğurlu kredolarını müəyyənləşdirirlər. Xüsusilə, YAP Qaradağ rayon təşkilatının gənclər ordusu hər zaman dövlətçiliyimizin möhkəmləndirilməsində, daha da qüdrətli olmasında öz əməklərini, bilik və bacarqlarını əsirgəmirlər. Bu faktor isə bir daha sübut edir ki, YAP-ın sıralarında öz Vətəninə, dövlətçilik maraqlarına sadiq olan kifayət qədər gənclər yetişməkdədir. Azərbaycanın daha uğurlu gələcəyi Ulu Öndər Heydər Əliyev ideyalarının və bu ideyaları yaşadan, inkişaf etdirən ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasəti nəticəsində davamlı olaraq təmin olunacaq.
Rövşən NURƏDDİNOĞLU