"Azərbaycan bütün dünyaya günəş kimi parlayacaq"
Heydər Əliyev
Bəşəriyyətin tarixində hər bir xalqın, hər bir ölkənin yazdığı səhifələr vardır. "Odlar Yurdu" adlandırılan Azərbaycan bu tarixə ən şanlı səhifələrini 1993-cü ildən başlayaraq yazmışdır. Azərbaycan Sovet Sosialist Respublikasının SSRİ-nin iqtisadiyyatındakı rolu 1969-cu ildən başlayaraq respublikanın o vaxtkı rəhbəri Heydər Əliyevin titanik rəhbərliyi sayəsində daha da artmışdır. Lakin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran separatçılıq hərəkatı xarici qüvvələrin hərtərəfli dəstəyi nəticəsində geniş vüsət almış və son nəticədə böyük imperiya olan SSRİ-nin 1991-ci ildə dağılmasına gətirib çıxarmışdır. Bu hadisələr nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin illər yaşamışdır. Qarabağ münaqişəsi müstəqil Azərbaycanın ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalına, 1 milyona qədər əhalisinin məcburi köçkünə çevrilməsinə, iqtisadiyyatının tam tənəzzülünə gətirib çıxarmışdır. Həmin illərdə ölkə daxilində baş alıb gedən hərc-mərclik, güc mərkəzlərinin qarşıdurması, regionlarda separatçılıq meyillərinin güclənməsi, xarici qüvvələrin təzyiqi, ölkə daxilində hakimiyyətə inamsızlıq Azərbaycanı acınacaqlı vəziyyətə salmışdı.
Ölkənin belə vəziyyətdən xilas yolunu Azərbaycan xalqı özü tapdı-1993-cü ilin uyun ayında xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Bu tarix Azərbaycanın müasir dünyaya həm siyasi, həm iqtisadi addımlarının başlanğıcı hesab olunmalıdır. 1993-cü ilin oktyabr ayında ölkə əhalisinin mütləq əksəriyyətinin səsverməsi ilə ölkə Prezidenti seçilən Heydər Əliyev ilk növbədə bir sıra siyasi addımlar ataraq cəbhə bölgəsində erməni qoşunlarının irəliləməsinin qarşısını aldı, daha sonra atəşkəsə nail oldu və ölkə daxilində dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı.
Mövcud olan və müxtəlif siyasi qüvvələrə xidmət göstərən silahlı dəstələr ləğv edildi, vahid ordu quruculuğuna başlandı, hökumətdə və xüsusən güc strukturlarında əsaslı islahatlar həyata keçirildi. Ölkə daxilində sabitlik təmin olunduqdan sonra Heydər Əliyev respublikanın tənəzzülə uğramış iqtisadiyyatının dirçəldilməsi üçün mühüm qərarlar qəbul etdi. O, xəzinəsi boş olan ölkənin əsas sənaye sahəsi olan yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə xarici investorları ölkəyə dəvət edərək əlverişli şərtlərlə onların sərmayələrini bu kompleksin fəaliyyətinin canlandırılmasına yönəltdi. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda dünyanın nəhəng transmilli neft şirkətləri ilə "Əsrin Müqaviləsi", daha sonra Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının birgə işlənməsi üzrə digər silsilə müqavilələr imzalandı. Ölkəyə daxil olan investisiyalar təkcə neft-qaz sektorunda deyil, iqtisadiyyatın digər sahələrində də canlanmaya səbəb oldu, on minlərlə yeni iş yerləri yaradıldı, ölkə əhalisinin maddi rifah halı ildən-ilə yüksəlməyə başladı. Həyata keçirilən bu cür layihələrlə bərabər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtmaq, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi haqqında həqiqətləri dünya ölkələrinin və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni təbliğatının qarşısını almaq üçün qətiyyətli addımlar atmağa başladı. Onun dünyanın aparıcı ölkələri olan ABŞ-ın, Rusiyanın, Fransanın, Böyük Britaniyanın və bir çox digər ölkələrin dövlət başçıları ilə bilavasitə görüşlərində, BMT-nin Baş Assambleyasının iclasında, Avropa təsisatlarında, İslam Əməkdaşlıq Təşkilatının forumlarında, çoxsaylı beynəlxalq tədbirlərdə arqumentli çıxışları Qarabağ müqayisəsinə və Azərbaycana qarşı münasibətlərdə müsbət yanaşmaya gətirib çıxartdı. Dünya ölkələri Azərbaycana qarşı apardıqları siyasətin vektorunu dəyişərək bu gənc respublika ilə siyasi və iqtisadi əməkdaşlığa təşəbbüs göstərməyə başladılar.
Ölkəyə investisiya axını ildən-ilə güclənməyə başladı, sənaye sahələrinə ən müasir texnika və texnologiyaların tətbiqi geniş vüsət aldı. Bütün bunlar iqtisadiyyatın güclənməsinə və nəticədə xalqın rifahının yüksəldilməsinə, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafına təkan verdi. 1997-ci ilin noyabr ayında "Əsrin Müqaviləsi" çərçivəsində həyata keçirilən layihədən ilk neftin hasil edilməsi Azərbaycanın neft ehtiyatlarının zənginliyini bir daha sübut etdi və investorların ölkəmizə marağının daha da artmasına səbəb oldu. Neft gəlirləri artdıqca ölkə daxilində əsaslı infrastruktur islahatları uğurla həyata keçirilməyə başladı, ən müasir texnika və texnologiyalarla təchiz olunmuş müxtəlif təyinatlı müasir sənaye müəssisələri işə salındı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkədə elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın bugünkü inkişafının əsası qoyulmuşdur. Yeni Konstitusiyanın qəbul edilməsi, qanunvericilik, icra və məhkəmə təsisatlarında mütərəqqi islahatlar, Milli Elmlər Akademiyasının strukturunun dəyişdirilməsi, yeni dövlət və özəl təhsil müəssisələrinin yaradılması, çoxsaylı müasir mədəniyyət və incəsənət mərkəzlərinin, idman komplekslərinin yaradılmasının başlanğıcında məhz dahi Heydər Əliyevin dühası durmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında bu illərdə ölkə iqtisadiyyatında əldə edilmiş uğurlar və gələcək inkişaf perspektivləri Onun 2008-ci ildə yenidən ölkə əhalisinin mütləq əksəriyyətinin səsi ilə Azərbaycan Respublikanın Prezidenti seçilməsi Ulu Öndər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə öz siyasətini daha da inamla həyata keçirdi.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk vaxtdan Heydər Əliyevin layiqli varisi olduğunu həm ölkədə, həm də beynəlxalq aləmdə sübut etmişdir. Azərbaycan Respublikanın son 12 illik tarixinə retrospektiv nəzər salınarsa, ölkə daxilində və xarici siyasətdə hər bir tədbirin və layihənin həyata keçirilməsində Heydər Əliyevin xəttinin yer aldığı aşkar görünər. Bu, Azərbaycanın inkişaf yolunda idarəetmə estafetinin layiqli əldə olduğunu artıq sübut etmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan hökumətinin ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat və siyasət sahələrində atılmış addımlar artıq sistemləşdirilmiş və məqsədyönlü şəkil almışdır.
Son 12 il ərzində ölkə ərazisində 2500-dən artıq məktəb binası ya yenidən tikilmiş və yaxud da ən müasir standartlara uyğun təmir edilmişdir. Ibtidai, orta və ali təhsil müəssisələrinin əksəriyyətinin təkcə maddi-texniki bazasının deyil, həm də təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Təhsil sahəsində inkişafa nail olmaq üçün Prezident İlham Əliyevin təsdiq etdiyi mühüm qanunlar sırasında "Təhsil haqqında" Qanunu, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili, təhsil sistemində islahatlar, təhsil sistemində elmin inkişafı üçün milli strategiya və təhsil sistemində islahatlar üzrə Milli Strategiya və digər mühüm sənədləri qeyd etmək lazımdır.
Müasir tipli ali təhsil müəssisələrinin -Moskva Dövlət Universitetinin Bakı filialının, "ADA" Universitetinin, Bakı Ali Neft Məktəbinin yaradılması haqqında qərarlar təhsil sistemində yeni yanaşmaların təzahürüdür. Bu qərarların hər biri müəyyən dövr üçün təhsil sisteminin inkişafını təmin etmiş və etməkdədir. təhsil sistemində həyata keçirilmiş layihələr və əldə edilmiş uğurlarla bağlı Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun sülhməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş çoxsaylı layihələri xüsusən qeyd etmək vacibdir.
Təhsil sistemi ilə yanaşı Prezident İlham Əliyev ölkədə elmin inkişafı ilə bağlı bütün məsələləri daim diqqətdə saxlayır. Milli Elmlər Akademiyasının, sahə institutlarının maddi-texniki bazasının, kadr potensialının, xarici əlaqələrinin bugünkü inkişafı da Prezidentin mühüm qərarları ilə bağlıdır. Prezident İlham Əliyevin və Ulu Öndər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkədə mədəniyyətin, incəsənətin və idmanın inkişafı istiqamətində əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bakıda, iri sənaye mərkəzlərində və əyalətlərdə yüzlərlə mədəniyyət ocaqları-teatrlar, muzeylər, idman kompleksləri tikilib istifadəyə verilmişdir. Azərbaycan mədəniyyətinin, incəsənətinin nümunələri dünyanın inkişaf etmiş ölkələrinin mədəniyyət saraylarında nümayiş etdirilir, azərbaycanlı idmançılar Avropa, dünya birinciliyi yarışlarında, Olimpiya Oyunlarında ildən-ilə daha yüksək uğurlar əldə edirlər. Azərbaycan son 10 ildə dünya ictimaiyyəti üçün ən möhtəşəm siyasi-iqtisadi, sosial-mədəni, elmi forumların, dünyamiqyaslı idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Təkcə 2012-ci ildə "Evrovision" müsabiqəsinin, Bakı iqtisadi forumlarının, 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsini qeyd etmək kifayətdir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf edən ölkələrin sırasında özünəlayiq yer tutmuşdur. Bu uğurun əsasında Azərbaycan Respublikanın Prezident İlham Əliyevin ölkənin müasir dünyada daha böyük nüfuz qazanması üçün həyata keçirdiyi çoxşaxəli xarici siyasət durur. Prezident İlham Əliyev son 12 il ərzində ayrı-ayrı ölkələrə səfərlər edərək dövlət başçıları, nüfuzlu siyasətçilərlə görüşmüş, bu görüşlərdə və eləcə də dünyamiqyaslı forumlarda, BMT-nin Baş Assambleyasında, Avropa və İslam Əməkdaşlığı Təşkilatlarında ardıcıl olaraq çıxış edərək Azərbaycanın iqtisadiyyatının uğurlarını təbliğ etmiş, Qarabağ həqiqətlərini açıqlamış və siyasi aləmdə qüvvələr balansını ölkəmizin xeyrinə dəyişə bilmişdir.
Təbiidir ki, beynəlxalq təsisatlar və xarici ölkələr Azərbaycanla münasibətlərində həm də özlərinin iqtisadi və siyasi maraqlarına üstünlük verirlər. Prezident İlham Əliyev bu amilin təsirini azaltmaq üçün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı olmuş, hər tərəfdən təzyiqlər olmasına baxmayaraq onların həyata keçirilməsi üçün real şərait yaratmağa nail olmuşdur. Bu layihələr sırasında "Şahdəniz" qaz yatağının beynəlxalq konsorsium tərəfindən işlənməsi, Asiyanı Avropanın mərkəzi ilə birləşdirəcək "Bakı-Tbilisi-Qars" dəmir yolu, "TANAP" və "TAP" layihələrini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın onlarla ölkəsində dini abidələr, təhsil ocaqları inşa edilmiş və ya yenidən qurulmuşdur. Bütün sadalananlar 20-25 il öncə dünyada az tanınan Azərbaycanı indi iqtisadi cəhətdən inkişaf etmiş, tarixi ənənələrə, yüksək mədəniyyətə sahib, bütün ölkələr üçün açıq, dini və etnik baxımdan tolerant və qonaqpərvərlik baxımından çox cazibədar bir ölkəyə çevirmişdir. Doğma Azərbaycanımız doğrudan da dünyaya Günəş kimi parıldayır.
Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru,
YAP Siyasi Şurasının üzvü