PDF Oxu

Siyasət

  • 25

İsmayıllıda görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

İsmayıllıda görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

YAP İsmayıllı rayon təşkilatı gənc qadın həkim və tibb işçilərinin iştirakı ilə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş anım mərasimi keçirib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir:"Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi - Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Görkəmli alim "Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda doktorluq işi yazaraq oftalmologiya peşə xəstəlikləri problemlərinin profilaktikası üsullarının əsasını qoymuşdur. Bütün bu tədqiqatların uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata - akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirmişdir. Məhz buna görə də Moskvada çalışan oftalmoloq alimlər Zərifə xanımı bu sahənin mirvarisi adlandırmışlar. Alim oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın Əməkdar Elm xadimi adına layiq görülmüşdür. Zərifə xanım bütün elmi yaradıcılığı və fəaliyyəti ilə Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının fəxri idi".

Natiq qeyd edib ki, Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə həm ideal bir həkim, alim, xeyirxah və nəcib insan, həm də görkəmli ictimai xadim, böyük bir şəcərənin layiqli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, Müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu dahi Heydər Əliyevin ömür yoldaşı, Ulu Öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Mərasimdə çıxış edən həkimlər Sevil Məmmədova, Jalə Bağırova, Nərgiz Bağırova, Maya Məmmədova və başqaları çıxış edərək, görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, Onun insanlıq naminə yüksək keyfiyyətləri və məziyyətləri həkimlər və tibb işçiləri üçün örnək olaraq qalacaq, hörmət və ehtiramla xatırlanacaq.

ZÜMRÜD

Digər xəbərlər