Aprelin 16-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədr əvəzi, millət vəkili Şəmsəddin Hacıyev gündəliyə daxil edilmiş məsələlər, görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddətdə ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu vardır. Ötən müddət ərzində partiya bir çox nailiyyətlər əldə edib. Belə ki, ötən bələdiyyə seçkilərində əldə edilən uğurlar da buna sübutdur.
Şəmsəddin Hacıyev ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirilən işlərdən də danışıb. Diqqətə çatdırılıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkəni parçalanmaqdan qoruyub, xalqımızın xilaskarına çevrilib. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmlənib və inkişaf edib, ölkədə əmin-amanlığın bərqərar olmasına, iqtisadi inkişafa töhfələrini verib. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə mərkəzə çevrilib. Belə ki, artıq bu yaxınlarda baş tutacaq I Avropa Oyunları da bütün bunlara sübutdur.
Vurğulanıb ki, bu gün partiyaya rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görür. Azərbaycan gündən-günə daha sürətlə inkişaf edir.
İclasın sonunda partiyanın rayon təşkilatının rəhbərliyi tərəfindən ərazi ilk partiya təşkilaltlarının sədrlərinə və fəallara tövsiyə və tapşırıqlar verilib.
Rəfiqə KAMALQIZI