PDF Oxu

Siyasət

  • 13

"Qondarma "erməni soyqırımı" ilə bağlı mövqelər bir mərkəzdən idarə olunur"

"Qondarma "erməni soyqırımı" ilə bağlı mövqelər bir mərkəzdən idarə olunur"

Məlum olduğu kimi, Avropa Parlamenti qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Bu mövqe ölkəmizdə də kəskin etirazlarla qarşılanır və Türkiyənin mövqeyi müdafiə edilir. Hesab edilir ki, bu hadisə strateji baxımdan Ermənistanın özünə də fayda gətirmir. Çünki bu hal regionda vəziyyəti gərginləşdirəcək və sistemli böhran yaşayan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq.

Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənədə münasibət bildirən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, bu qərarın qəbulunun faktiki olaraq prosesə hər hansı bir təsiri yoxdur: "Düşünürdüm ki, Avropa Parlamentinin üzvlərinin bir qisminin cəsarəti çatacaq ki, bu kimi qətnamənin müzakirəsinin gedişində, hətta onun qəbuluna əngəl ola bilməsə də, öz sözünü söyləsin. Çox təəssüf ki, qətnamənin qəbulu prosesində yalnız erməni dəyirmanına su tökənlərin çıxışlarını eşitdik. Bunun nəticəsində də belə bir sənəd qəbul olundu. Bu qərarın qəbulunun faktiki olaraq prosesə hər hansı bir təsiri yoxdur.Çünki bu qərarın hüquqi qüvvəsi yoxdur. Haqqında məhkəmə hökmü olmayan, tarixən araşdırılmayan, heç bir fakta, ciddi arqumentə söykənməyən, havadan götürülmüş fikirlər əsasında belə sənədlərin qəbul edilməsi Avropa Parlamenti kimi ciddi sayıla biləcək qurumun imicinə ciddi ləkədir".

Vitse-spikerin sözlərinə görə, öz ölkəsinin tarixini əməlli bilməyən, bu və ya digər səbəbdən siyasi proseslərə, ictimai həyata qoşulub mandat əldə edən bəzi bu tip insanlar başqalarının əlində, onların siyasi məqsədlərinə alət ola bilərlər: "Öz ölkəsinin tarixinə dərindən bələd olmayan, hələ ortada konkret sənədlər, tədqiqatlar olmadan yüz il əvvəl baş vermiş hadisə haqqında belə fikirlər səsləndirirsə, bu, yalnız onu söyləməyə imkan verir ki, onlar həqiqətən hansısa dairənin göstərişini, sifarişini məqsədli şəkildə həyata keçirirlər və bu da müəyyən maraqlara söykənir. Bunun hansı maraqlara söykəndiyini biz dəfələrlə söyləmişik. İndi bunu yenidən deməyə lüzum görmürəm. Çünki burada Türkiyənin tarixən və bu gün özünəməxsus, müstəqil, kənar iradəyə tabe olmayan siyasət yeritməsi, eləcə də bu ölkə ilə Avropanın tarixi qədimlərə çıxan özünəməxsus münasibətlərinin və digər başqa səbəblərin rol oynadığını mütləq vurğulamaq lazımdır. Amma 21-ci əsrdə, beynəlxalq hüququn prinsiplərinin əldə rəhbər tutulmalı olduğu çox ciddi bir dönəmdə və hazırda dünyada gedən proseslər hər bir siyasətçini, parlamentarini, dövlət rəsmisini məsuliyyətli qərarlar qəbul etməyə vadar etməlidir ki, biz dünyamızı təhlükələrdən xilas edək. Belə bir məqamda tam subyektiv amillərə söykənən bir qərara imza atmaq bu insanların doğrudan da qeyri-ciddi və dünyamızın nə bu günü, nə də gələcəyi ilə bağlı ciddi, obyektiv düşüncə sahibi olmadıqlarını göstərir".

B.Muradova deyib ki, Avropa Parlamentindəkilər Ermənistanın təcavüzkar siyasəti, tarixi, bu günü və gələcəyə yönəlmiş perspektivləri barədə məlumatsız deyillər: "Bunlar elə açıq-aşkar faktlarla ortadadır ki, bunun üçün tarixi faktlara, sübutlara ehtiyac yoxdur. Çünki Xocalı soyqırımı, Azərbaycan ərazilərinin işğal olunması və Ermənistanın təcavüzkar siyasəti açıq-aşkar ortadadır. Ona görə də bunun sübuta ehtiyacı yoxdur. Bütün bunları görməmək, qiymət verməmək və dəyərləndirməməklə Ermənistanın bu siyasətinə təkan verən, dəstəkləyən qərarların qəbulu ilə onlar özlərini çox ciddi bir oyunun içərisinə salıblar. Hesab edirəm ki, bu oyunlar da dinlərarası, dövlətlərarası, millətlər və xalqlararası münasibətlərə ziyan gətirməkdən başqa heç nəyə yaramayacaq. Ona görə də bu sənədi qəbul edənləri və onun qəbul olunmasını düzgün hesab edənləri qınayıram. Eyni zamanda dünya ictimaiyyətinin digər hissəsinin belə qərarlarla dünyadakı mövcud düzəni, nizamı pozmaq istəyənlərə qarşı səsini ucaltmasını arzu edirəm. Hesab edirəm ki, qəbul edilən qərar ədalətsiz, qərəzli, ikili standartlara söykənir və Avropa Parlamenti kimi beynəlxalq qurumların içərisində özünə kök salan bu kimi stereotiplərin fəaliyyəti nəticəsində meydana çıxıb".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi, hüquqi baxımdan da absurddur: "Hamı bilir ki, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil: "Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazımdır ki, 23 il əvvəl hamının gözü qarşısında baş vermiş, aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir".

Millət vəkili Rövşən Rzayev isə deyib ki, Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi ədalətdən uzaqdır: "Bu qətnaməyə səs verən deputatlar Avropa Parlamentində azlıq təşkil edirlər: "Bu qətnamə Avropa Parlamentinin azlıq təşkil edən deputatlarının səyi ilə qəbul olunub. Ona görə də bu qərar ciddiyə alınmamalıdır. Bu qətnamədə tarixi həqiqətlər tamamilə yanlış formada çatdırılır".

R.Rzayev hesab edir ki, Avropa Parlamenti, Roma Papası və digər nüfuzlu dövlətlər belə qərarlar çıxararkən əsasları olmalıdır: "Avropa Parlamentinin qəbul etdiyi qərarda heç bir əsas yoxdur. Çünki Türkiyə dəfələrlə bu məsələ ilə bağlı arxivlərini açmağı təklif edib. Amma haqqı, ədaləti axtarmaq, erməni siyasətinə, onların mövcud durumuna uyğun gəlmir. Ona görə də bu addımı atmırlar. Amma bu kimi hiylələrlə belə qərarların qəbul olunmasına nail olurlar".

YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov isə deyib ki, Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi beynəlxalq hüququn işləmədiyinin növbəti təsdiqidir: "Avropa Parlamenti və Roma Papasının Türkiyə əleyhinə qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarlar eyni mərkəzdən idarə olunur. Bugünkü reallıq ondan ibarətdir ki, islamofob, irqçi qüvvələr, multikulturalizmin əleyhdarları bayram edir. Hüququn, haqqın, ədalətin, birgə yaşayışın, mədəniyyətlərarası, dinlərarası dialoqun tərəfdarlarını isə təhdid edirlər ki, məğlub durumda olsunlar. Hesab edirəm ki, onlar yanılırlar. Belə addımlar nəticə etibarilə sivilizasiyaların toqquşmasına gətirib çıxarır".

E.Nəsirov deyib ki, son zamanlar eyni mənbənin ideoloqları müsəlman dünyasının sayının artdığına dair bəyanatlar yayırlar: "Hətta onlar "yazıları"nda bildirirlər ki, ailədə uşaq doğumu 1,5 əmsalında olsa, digər millətlər məhv olur. Amma Avropanın 30 ölkəsində bu göstərici 1,4 əmsalına bərabərdir. Müsəlman ölkələrində isə 3,6 artım tempi var. Ona görə də müsəlman aləminin genişlənməsi onları çox narahat edir. Bu səbəbdən də Yaxın Şərqdə, müsəlman dünyasında çoxsaylı müharibələr törədirlər. Bu gün isə müsəlman ölkəsi olan Türkiyə hədəf seçilib. Avropa Parlamentinin bu addımı və Roma Papasının mövqeyi nəticə etibarilə qitədə, regionda sülhə, əmin-amanlığa deyil, vəziyyətin daha da gərginləşməsinə, müxtəlif dinlərin daşıyıcılarının bir-birinə düşmən kimi baxmasına, sabitliyin pozulmasına gətirib çıxaracaq. Bundan sonra Türkiyə-Avropa münasibətlərində gərginlik yeni mərhələyə keçəcək. Hadisələrin gedişatı ona gətirib çıxara bilər ki, Türkiyə xarici siyasət vektorlarında dəyişiklik edər. Burada uduzan tərəf ilk növbədə Avropa ölkələri olacaq".

Politoloq bildirib ki, Avropa Parlamentinin məlum mövqeyindən sonra onlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də obyektiv mövqe gözləmək yanlışdır: "Bunun nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun indiyə qədərki fəaliyyəti Avropa dövlətləri və ABŞ-ın bu məsələni həll etmək niyyəti heç bir nəticə vermir. Çünki hadisələrə belə ikili standartlarla yanaşırlar".

E.Nəsirov vurğulayıb ki, qondarma "erməni soyqırımı" ilə bağlı son zamanlar ifadə olunan mövqeləri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilir: "Biz Türkiyənin mövqeyini müdafiə edirik. Hesab edirik ki, bu hadisə strateji baxımdan Ermənistanın özünə də fayda gətirmir. Bu hal regionda vəziyyəti gərginləşdirəcək və sistemli böhran yaşayan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq".

ELVİN ABDULQƏDİROV

Digər xəbərlər