Aprelin 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mohammad Taqi Xalilini onun xahişi ilə qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə qəbula görə Əli Əhmədova təşəkkürünü bildirən səfir respublikamızın regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək qiymətləndirərək, öz ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsinin, habelə beynəlxalq sülhün və regionun sabitliyin qorunması naminə səylərin bundan sonra davam etdirilməsinin zəruriliyini vurğulayıb.Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
sia.az