"Avropa Parlamentinin uydurma erməni soyqırımına dair qəbul etdiyi qətnamə tarixi gerçəkliyi qətiyyən doğru əks etdirmir, tamamilə səhvdir". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, tarix məsələləri ilə parlamentarilər deyil, tarixçilər, tədqiqatçılar məşğul olmalıdırlar. Belə bir qətnamə hələ 1987-ci ildə də qəbul edilmişdi. O zaman Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatları birgə etiraz sənədi də imzalamışdılar. İndiki qətnamə türk və erməni xalqları arasında sülhə, mehriban qonşuluğa deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir, Türkiyəyə təzyiq, inkişafına və çoxyönlü xarici siyasət xəttinin reallaşdırılmasına mane olmaq məqsədi daşıyır. Ancaq nə qədər belə saxta qərarlar qəbul edilsə də, türk xalqının etmədiyini kimsə ona qəbul etdirə bilməz. Ən mötəbər tarixi mənbələr sübut edir ki, XX əsrdə dinc türk-müsəlman əhaliyə qarşı ilk dəfə olaraq kütləvi qırğınları erməni silahlı dəstələri 1905-1906-cı illərdə və Birinci dünya müharibəsi illərində Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və başqa yerlərdə törədiblər. Daha sonra isə daşnak Ermənistanı dinc türk-müsəlamn əhalinin soyqırımını dövlət siyasətinə çevirib".M.Qasımlı əlavə edib ki, Avropa Parlamenti 100 il əvvəl olmayan bir şeyi siyasət alətinə çevirməkdənsə, 1992-ci il fevralın 25-26-da Ermənistanın Xocalıda günahsız insanları soyqırıma uğratdığını müzakirə etsin, təcavüzkarı ittiham etsin, işğalı pisləsin və qətnamələr qəbul etsin: "Xocalıda törədilən soyqırımın şahidləri, foto və videoçəkilişləri durur. Təəssüf ki, biz belə bir münasibəti görmürük. Avropa Parlamentinin qondarma qərarı ikili standartların, erməni təəssübkeşliyinin, antitürk və antimüsəlman mövqenin konkret təzahürü olmaqla, Avropa demokratiyasına və dəyərlərinə olan inamı sarsıdır, qitə ölkələrini gözdən düşürür".
sia.az