Sahibə Qafarova: "Avropa Parlamenti dəyər və kriteriyalarını ayaqlar altına atdı"
"Avropa Parlamentinin Azərbaycan və Türkiyə dövlətinə qarşı qəbul etdiyi qərar qeyri-obyektiv olmaqla yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, təşkilatın Alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova deyib.Millət vəkili qeyd edib ki, bu qərarın qəbulunun faktiki olaraq heç bir hüquqi qüvvəsi olmamasını nəzərə alsaq, bunun qondarma "erməni soyqırımı" iddialarının qəbulu baxımından prosesə hər hansı bir təsiri olmayacaq: "Çünki bunlar sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bəzi siyasilərin dəstəklədiyi uydurma iddialardan başqa bir şey deyil. Əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi. Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Parlamenti kimi bir qurum öz dəyər və kriteriyalarını ayaqlar altına ataraq, bir qrup sifarişlə fəaliyyət göstərən siyasətçilərin məkrli niyyətlərinə alət olur. Bu, hər şeydən əvvəl həmin təşkilatın özünün nüfuzuna böyük zərbədir".Sahibə Qafarova əlavə edib ki, bu qərarın qəbulu həm də onu göstərir ki, beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğu, bəzi Qərb dairələrində islamofobiya meyllərinin güclənməsi artıq reallıqdır. Sözügedən qətnamənin qəbulu ilə Avropa Parlamenti bunu bir daha təsdiq edib. Belə halların baş verməsi müasir dünyamızda Azərbaycan və Türkiyənin münasibətlərinin, bu iki dost və qardaş dövlətlərin bir-birinə dəstəyinin nə dərəcədə əhəmiyyətli olmasını ortaya çıxarır. Azərbaycan və Türkiyə qardaşlığı tarixin bütün sınaqlarından üzüağ çıxdığı kimi, bu yalan və iftira kampaniyasına qarşı da layiqli cavab verəcək".
sia.az