PDF Oxu

Siyasət

  • 26

Mübariz Qurbanlı baş redaktorlarla görüşüb

Mübariz Qurbanlı baş redaktorlarla görüşüb

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) kütləvi informasiya vasitələrinin rəhbərlərinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, aparıcı qəzetlərin, informasiya agentliklərinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Görüşdə "Milli-mənəvi və dini dəyərlər: tarixilik və müasirlik" mövzusundakı görüşdə Azərbaycan dövlətinin dinlə bağlı siyasətinin müxtəlif aspektlərinə aydınlıq gətirilib, ölkədə dini tolerantlığın vəziyyəti təhlil olunacaq, həmçinin mövcud istiqamətdə KİV-lər və jurnalist təşkilatlarının üzərinə düşən vəzifələr barədə söhbət açılıb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.MŞ sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası mütəmadi olaraq dövlət qurumlarının rəhbərlərinin media rəhbərləri ilə görüşlərini təşkil etməkdədir: "Sonuncu belə görüş bu il aprelin 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirilib. Bu bizim növbəti tədbirimizdir. Təbii ki, ilin sonuna kimi belə tədbirlər davam etdiriləcək. Bəs gəlin görək, bu tədbirlər bizə nə verir? Məqsədimiz nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, ayrı-ayrı sahələr – nazirliklər, komitələr və digər qurumların, təşkilatların rəhbərləri ilə redaktorların birbaşa dialoqlarını təşkil etməkdir. Qoy, həmin təşkilatların rəhbərləri öz düşüncələrini redaktorlarla bölüşsünlər. Təbii ki, redaktorlar da öz növbəsində söylənilən fikirləri eşidərək öz mətbuat orqanlarında dərc etsinlər. Əgər belə olarsa, məlumatlar kifayət qədər obyektiv və dövlət maraqlarından xəbər verəcək".Ə.Amaşov deyib ki, əgər milli-mənəvi və dini dəyərlərin tarixi nə qədər qədimdirsə, əhatəlidirsə deməli həmin xalq da bir o qədər zəngindir: "Azərbaycan tolerant bir ölkədir. Azərbaycanda əsrlər boyu müxtəlif dinə mənsub olan insanlar birgə yaşayıblar, xarici düşmənlərdən qorunublar. Bu gün ölkəmiz demək olar ki, dünyanın istər tolerantlıq, istərsə də mültikulturalizm baxımından ən mühüm mərkəzlərdən birinə çevrilib. Azərbaycanda sistemli, harmonik bir siyasət həyata keçirilir. Ölkəmiz müstəqiliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanda dini tolerantlıqla bağlı qanun qəbul olunub".Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, bu gün Azərbaycanda mətbuatın, qəzetlərin, televiziyaların, internet saytlarının ictimai rəyin formalaşmasında çox böyük yeri və rolu var: "Biz dini komitənin rəhbərliyi olaraq mətbuat üçün açıq bir qurumuq. İstənilən mətbuat nümayəndəsini hər zaman qəbul etməyə hazır olmuşuq və bundan sonra da hazır olacağıq. Hesab edirəm ki, mətbuatın rolunu, əhəmiyyətini hər kəs qiymətləndirməlidir. Çünki mətbuat sözün həqiqi mənasında bizim siyasətimizin təbliğinə, təşviqinə, milli maraqlarımıza xidmət edir. Azərbaycan müsəlman ölkəsidir. Bu gün dünyada İslam dininə mənsub olanlar sayına görə ikinci hesab olunur. Bildiyiniz kimi bu gün dünyada səmavi, dünyəvi dinlər mövcuddur. Bu səmavi dinlər içərisində İslam dini çox əhəmiyyətli rol oynayan bir dindir. Son araşdırmalar onu göstərir ki, İslam dininə sitayiş edən, tapınan və İslam inancını daşıyan insanıların sayı XXI əsrin ortalarında birinci yerə çıxacaq".M.Qurbanlı Azərbaycanda xristianlığa aid kiçik təriqətləri yaymaq istəyənlərə səslənərək deyib ki, burada sizə yer yoxdur: "Eyni zamanda, İslam dininə mənsub olduqlarını iddia edərək radikalizmi yayanlara da yer yoxdur. Biz ölkəmizdə fanatizmə meylli radikal qrupların yayılmasına imkan vermirik və verməyəcəyik. Azərbaycan tolerant ölkədir. Amma bu o demək deyil ki, kim istəsə gəlib burada istədiyini edə bilər. Yehova Şahidləri, 21-ci əsrin Adventistləri və digərləri burada təbliğat apara bilərlər".Komitə sədri əlavə edib ki, qurum tərəfindən dinlə əlaqədar bir qəzet və jurnal nəşr olunur: "Yəni aylıq jurnal buraxılır. Burada elmi tədqiqatlarla bağlı yazılar gedir. Bütövlükdə mediamıza gəldikdə isə AZTV və İTV istisna olmaqla elektron KİV-lər ən böyük yükü o audiroriyaya yönəldiblər ki, onlar vasitəsilə reytinq qazanmaq istəyirlər. Amma bu auditoriyanın da zövqünü televiziya özü formalaşdırır. Orada maarifləndirmədən daha çox şouya diqqət yetirirlər. Sözügedən qurumlar yaxşı olar ki, maarifləndirməni daha üstün hesab etsinlər. Çox təəssüf ki, bu yoxdur. Azərbaycan mətbuatı azaddır. İxtisaslaşmış jurnalistika sisteminin getdikcə formalaşması sevindiricidir. Bəzən elə jurnalistlər varki birdə görürsən ki, 5-6 mövzudan yazır. Təbii ki, bu belə ola bilməz. O nə qədər "vurdenkid" olsa da potensial çata bilməz". "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək qeyd edib ki, müstəqilliyimizə bəxş etdiyi ən böyük nemətlərdən biri də odur ki, biz Allahımızla sərbəst şəkildə ibadət etmək onunla təmasa girmək imkanı qazandıq: "Bildiyiniz kimi, Sovet hökuməti ateist (Allahsız) bir cəmiyyət idi. Ali məktəbə daxil olmaq, diplom almaq asan məsələ deyildi. Diplom bir növ çörək idi. Çox şükürlər olsun ki, bu gün bizim cəmiyyətdə əsl demokratik prinsiplər bərqərar olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri bir neçə gün bundan öncə İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə Ümrə ziyarətində oldular. Son dövrlər ölkəmizdə ən gözəl məscidlər inşa olunub. "Heydər məscidi" möhtəşəmliyi ilə seçilir. Şamaxıda isə "Cümə məscidi" bərpa olunub. Bütün bunların hamısı bir jurnalist kimi bizim məsuliyyətimizi artırır. Əvvəla din mənəviyyat məsələsidir. Bizim milli-mənəvi dəyərlərimizin bir qismi dini dəyərlərin formasında yaşayır. Din bizim gündəlik məişətimizə daxildir".Daha sonra "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bu kimi görüşlərin əhəmiyyətini yüksək dəyərləndiriblər. Vurğulanıb ki, DQİDK gənclərin radikal dini təriqətlərdən uzaq olması üçün onlar arasında maarifləndirimə işini daha da gücləndirməlidir. SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev isə çıxış edərək bildirib ki, həm hüquqi baza, həm də cəmiyyətin maarifləndirilməsi ona aparır ki, faktiki olaraq Azərbaycanda yeni bir dini model yaranır: "Yəni bu model nə türk, nə İran, nə də Qərb modeli deyil. Ümumiyyətlə, yazılan və yazılmayan qanunlar var. Siz DQİDK-nın rəhbəri olaraq bəzi məsələlərdə tövsiyyələr edirsiniz. Amma hesab edirəm ki, bəzi məqamlarda tövsiyyələrin hansısa formada yerinə yetirmək üçün mollaların, dini məclisləri aparan şəxslərin üzərində işləmək lazımdır. Məsələn, Naxşıvan MR-da belə bir model var. Əgər Naxşıvan MR-da molla məclisə çağırılırsa, o yalnız yerli məscidlərdən çağrılır. Təbii ki, onlar da elmli, təhsil almış və Azərbaycanın yeni modelini tətbiq etmək istəyən mollalardır. Onların apardığı söhbətlər isə yalnız Vətənin, xalqın, dövlətin və dövlətçiliyin xeyrinədir. Hesab edirəm ki, bu üsullardan istifadə olunsa daha maraqlı olar. İkincisi, isə bizdə dini ekspertlər azlıq təşkil edir. Bəzi məqamlarda biz dini ekspertləri günün günorta çağı çıraqla axtarırıq ki, hansısa suala cavab versin. Təklif edirəm ki, DQİDK Azərbaycanda təhsil alan dini alimlərini bizə təqdim etsin ki, biz mətbuat olaraq onlardan ekspert kimi istifadə edək".Görüşə diskussiyalardan sonra yekun vurulub.

sia.az

Digər xəbərlər