PDF Oxu

Siyasət

  • 21

Suraxanı rayonu üçün 2015-ci ilin 1-ci rübünün yekunları uğurlu olub

Suraxanı rayonu üçün 2015-ci ilin 1-ci rübünün yekunları uğurlu olub

Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şuranın 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib. Şura iclasında məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunub.

Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib:"2015-ci ilin 1-ci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 49,8 milyon manat, tikinti-quraşdırma işləri 10,3 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon, əsas kapitala yönəldilən investisiyalar 14,3 milyon, kənd təsərrüfatı 0,4 milyon, pərakəndə ticarət dövriyyəsi 64,5 milyon manat, orta aylıq əmək haqqı 540 manat olmuş, əhaliyə 68,4 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 625 yeni iş yeri açılmışdır. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 3-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, 31-nin icrasına başlanılmamış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil edib".

O bildirib ki, cari il fevralın 3-də Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tikintisinə 2014-cü ildə başlanılmış Zığ qəsəbəsindəki "Bakubus" MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuşlar. Hazırda obyektdə tamamlama işləri başa çatmaq üzrədir.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 80 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən "ATEF Elektromaş" zavodunda növbəti kredit yarmarkası keçirilmiş, 18 sahibkarlıq subyektinə 5,2 milyon manat güzəştli şərtlərlə kredit verilib. Qaraçuxur qəsəbəsində Neftçilər parkının yenidən qurulması və Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilmiş, Əmircan qəsəbəsində Tofiq Bayram adına parkın yenidən qurulması və Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni parkın salınması işlərinə başlanılıb. Əmircan qəsəbəsində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması işləri davam etdirilir.

Məruzəçi bildirib ki, Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcəkdir. Bununla əlaqədar hesabat dövründə rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının və hasarlarının yenidən qurulması, təmir olunaraq rənglənməsi, aqlay daşları ilə üzlənməsi, yerüstü kommunikasiya xətlərinin yerin altına salınması işlərinə başlanılmış bu işlər aprel ayının 20-qədər başa çatdırılacaq.

2014-2015-ci tədris ilində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə 11-ci sinif şagirdlərinə açıq dərslərin tədrisi davam etdirilmiş, 1-ci rübdə 1144 şagirdin iştirak etdiyi 10 açıq dərs keçirilmişdir.

2015-ci ilin 1-ci rübündə müntəzəm yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmişdir.İlin 1-ci rübü ərzində RİH başçısı tərəfindən 285 nəfər vətəndaş qəbul edilmiş, 485 nəfər sakinin iştirakı ilə 7 səyyar görüş-qəbul keçirilmişdir. 2015-ci ilin 1-ci rübündə rayonun aidiyyəti idarələri tərəfindən 7405 nəfərə 1,5 milyon manatdan artıq sosial müavinət ödənilmiş, 2280 ailəyə 948 min manat ünvanlı sosial yardım edilmiş, 215 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmişdir. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 314 nəfərdən 140 nəfəri, o cümlədən kvota üzrə 7 nəfər işlə təmin olunmuş, 28 nəfər peşə hazırlıq kurslarına göndərilmiş, rayonda təhsil alan 234 şagird peşəyönümünə cəlb edilmişdir.

Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilir, 1 aprel tarixinədək Suraxanı rayonunda 100 min sakin tibbi müayinədən keçmiş, müayinə nəticəsində 4624 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 273 nəfər stasionar müalicəyə qəbul olunmuşdur.

Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fərtəliyeva və başqaları çıxış edərək, əldə olunmuş nailiyyətlərdən, nəzərdə tutulan abadlıq tədbirlərindən, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdən danışıblar. Şura iclasında rayonun ictimai həyatında fəal iştirakına görə MTN-in Suraxanı rayon idarəsinin bir qrup əməkdaşı təltif edilib.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı Cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaq.

Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İ.Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlığını bildirib və dövlətimizin başçısını əmin edib ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

ZÜMRÜD

Digər xəbərlər