Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilib
Dünən AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "İslam maarifçiliyi və müasir dövr" mövzusunda beynəlxalq konfrans başa çatıb.
Konfransın yekun iclasında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə tədbirdə əsas mövzularla yanaşı, islamofobiya, bəşəriyyətə yeni təhdid və təhlükələr kimi aktual problemlərə dair müzakirələrin aparıldığını bildirib. Müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyətini qeyd edən AMEA prezidenti din pərdəsi altında həyata keçirilən aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin birgə səylərinin artırılmasının zəruriliyini diqqətə çatdırıb. O, qeyd edib ki, "Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti", "Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu", "Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı" bölmələri üzrə keçirilmiş beynəlxalq konfransda mühüm siyasi, dini və elmi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aktual mövzuya həsr olunan tədbirin konstruktiv müzakirələr ruhunda keçirildiyini, islam maarifçiliyinin aktual problemlərinin müzakirə olunduğu bildirib. Şeyxülislam Allahşükür Paşazadə tədbirin milli-mənəvi dəyərlərin təbliğinə və təşviqinə töhfə verəcəyinə əminliyini ifadə edib. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, onların fəaliyyətləri yüksək dəyərləndirilib.
Sonda beynəlxalq konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilib.
Bununla da konfrans öz işini başa çatdırıb.
NƏZAKƏT