Əhəd Abıyev: "Daşkəsən rayonunda da 2015-ci ilin birinci rübündə bir çox işlər görülüb və nailiyyətlər əldə olunub"
Dünən Daşkəsən rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, rayon ictimaiyyətinin nümayəndələri rayonda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşıblar: "Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2015-ci ilin birinci rübü bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə diqqətəlayiq nəticələr əldə edilib. Ayrı-ayrı sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb".
Əhəd Abıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə aprelin 10-da Prezident sarayında, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib: "Prezident Cənab İlham Əliyev iclasdakı nitqində vurğulayıb ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq. Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır, sənaye istehsalında da birinci rübdə artım olmuşdur. Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir".
Daşkəsən rayon icra hakimiyyətinin başcısı Əhəd Abıyev daha sonra bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2015-ci ilin birinci rübündə bir çox işlər görülüb və çox böyük nailiyyətlər əldə olunub: "Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan edilib".
İcra hakimiyyətinin başçısı bununla bağlı onu da qeyd edib ki, rayonda 2015-ci ilin məhsulu üçün 719 ha sahədə taxıl səpilib: "Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində) süni mayalanma məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrin gələcəkdə fəaliyyəti daha da genişləndiriləcəkdir. Rayonumuzda heyvandarlığı inkişaf etdirmək ücün geniş imkanlar və ehtiyatlar hərəkətə gətirilmişdir. Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon icra hakimiyyətinin səlahiyyətlərinə verilməsi bizdə kənd təsərrüfatı sahəsində imkan genişliyinə səbəb olmuşdur. Məhz buna görə möhtərəm Prezidentimizə daşkəsənlilər adından dərin minnətdarlığımı, böyük hörmət və ehtiramımı bildirirəm".
Əhəd Abıyev deyib ki, Prezident İlham Əliyevin Daşkəsən rayonuna xüsusi diqqət və qayğısı hər zaman rayon sakinlərinin böyük sevincinə, ruh yüksəkliyinə səbəb olur: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri daşkəsənlilərin qurub-yaratmaq əzmini xeyli dərəcədə artırıb".
Daşkəsəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tezliklə tikintisinə başlanılacağını da deyən icra hakimiyyətinin başçısı, həmçinin bildirib ki, son vaxtlar rayon icra hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki,
rayonda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir.
Əhəd Abıyev, həmçinin xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb: "Sərəncama əsasən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ilin fevral ayının 2-dən 1 may 2015-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 24 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 17744 nəfər tibbi müayinədən keçmiş, 18 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 207 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 523 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilir. Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığını göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər".
Qeyd olunub ki, 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilib. Eyni zamanda "Yeni Daşkəsən" layihəsi elmi əsaslarla işlənib, hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulub: "Bu gün "Yeni Daşkəsən" layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir".
"Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir" deyə vurğulayan icra hakimiyyətinin baçşçısı onu da bildirib ki, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir. 2015-ci ilin birinci rübü ərzində Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 137 ailədən qanuna müvafiq olaraq 130 aztəminatlı ailəyə (552 nəfər ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunub".
Əhəd Abıyev Daşkəsən rayonunun yaradılmasının 67-ci ildönümü və Novruz bayramı münasibətilə geniş tədbirlərin də keçirildiyini bildirib və qeyd edib ki, Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib, onlara bayram sovqatları aparılıb. O, daha sonra bildirib: "Ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar rayonumuz üzrə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi üçün hazırlıq işləri davam etdirilir. Aprelin 10-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: "Bu ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək". Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan Cənab İlham Əliyevə eşq olsun!"
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Şahbaz Mehdiyev, RİHB-nin Daşkəsən rayon İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunub.
Rəfiqə KAMALQIZI