"Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır". Bu fikir XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə məxsusdur. Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ulu Öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda ulu öndərin imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, Ulu Öndəri kimi yüksək zirvəyə ucalmışdır. 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Kənd təsərrüfatının orta illik ümumi məhsul istehsalının dəyəri 1971-75-ci illərdə 1,4 milyard manata çatdı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları istehsalı üzrə nəticələr nəzərdə tutulduğundan xeyli artıq oldu. 5 il ərzində taxıl və tütün istehsalı, hətta gələcək 2 ilin əvəzinə, pambıq və meyvə istehsalı gələcək 1 ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, başqa sözlə, 57 faiz artdı. 1976-80-ci illərin yekunları göstərir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. Beş il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə vaxtından 2 il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu Öndər olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır". İndi qürurla deyə bilərik ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları" modeli kimi düşdü. Aqrar-torpaq islahatı Ulu Öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər. Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan bu islahatlar digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan Heydər Əliyevin müəyyənləşdirdiyi dörd mühüm prinsip fərqləndirirdi. Son illər ərzində ölkəmizdə uğurla həyata keçirilən islahatlara kompleks şəkildə baxılsa, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar: bu, MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarə olunmasına keçidin təmin edilməsidir. Torpaq inzibatçılığı ilə bağlı qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək mümkün deyil. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın, torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son 10 ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatların külliyyatı bu strategiyanın dəstəklənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır. Son 10 ildə Cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Prezidentin "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" 3 may 2011-ci il tarixli Sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında aqrar bölmənin yaradılması vacib hesab olunmuşdur. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki həmin Sərəncam Prezidentin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir. Dövlət başçısının 17 yanvar 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi-tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır. Məlum olduğu kimi, ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin 12 yanvar tarixli Fərmanına əsasən 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilmişdir. "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il Fərmanına əsasən elektron kənd təsərrüfatının yaradılması istiqamətində ardıcıl işlər görülür. Dəqiq kənd təssərrüfatı kimi böyük elmi tutuma malik konsepsiyalar üzərində iş gedir. Ölkəmizdə özlüyündə dörd prosesi - geoməkan informasiyasının toplanması, xəritələşdirmə, məlumatların analizi və paylaşmanı əhatə edən geoməkan məlumatlarının idarə olunması ilə bağlı işlər məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulmuş torpaq islahatının aparılmasının nəticəsi olaraq meydana çıxmışdı. Məlumdur ki, islahat 1:10000 miqyaslı xəritələr əsasında aparılıb. Həmin dövrdə başqa xəritələr yox idi, yenilərinin hazırlanması isə islahatın yarımçıq qalması ilə nəticələnə bilərdi. Bu miqyasda xəritədə 1 mm xəta naturada 10mm xətanın olması deməkdir. Yəni yer quruluşçusunun qələminin qalınlığından bir ailənin, nəslin taleyi dəyişə bilərdi. Bu gün bizim rastlaşdığımız problemlərin ən başlıca səbəbi budur. Elə həmin illərdə biz yeni olaraq müstəqil şəkildə çöl tədqiqatları aparmağa başladıq. Mövcud normativ sənədlər əsasında ölkə ərazisində çöl tədqiqatları, o cümlədən torpaq, geobotaniki və s. 10 ildə bir dəfə aparılmalı idi. Bir çox dövlət qurumları ilə razılaşdırılmış torpaq uçotu ilə bağlı hesabat forması hazırlandı. Həmin formaya əsasən 50-dən artıq parametr üzrə uçot aparılır. Müvafiq tədqiqatların nəticələri rəqəmsal xəritələr vasitəsilə vizuallaşdırıldı. Torpaq uçotu dedikdə, sadə mənada xəritə məlumatlarına bağlanmış statistik göstəricilər nəzərdə tutulur. Uçot sistemi ilə bağlı bir sıra hallarda yeni çöl tədqiqatlarının aparılması tələb olunur və biz son illərdə aparılan bütün işlərimizi çöl tədqiqatları üçün götürülən kəsimlərin koordinata bağlanması əsasında aparırıq. Bu istiqamətdə hətta elmi tədqiqatlar aparılır və dissertasiyalar müdafiə olunur. Qeyd etdiyim kimi, bu, ən müasir çağırışlardandır. Yəqin ki, bir sıra qanunvericilik aktlarında da bununla bağlı dəyişiklikər edilməlidir.Biz geoməkan məlumatlarının idarə olunması proseslərindən ən böyük çətinlik yaşadığımızın məhz analiz olduğunu və bunun başlıca səbəbinin xəritələrin müxtəlif formatlı olması ilə şərtləndiyini qeyd etmişik. Bu məsələnin həlli üçün biz vahid sistemin hazırlanması və mövcud materialların uyuşanlığının təmin edilməsi istiqamətində fəaliyyətimizi surətləndirməliyik. Beləliklə, dünən biz torpaqların elektron üçotu sistemindən danışa bilməzdik, tez idi. Sabah artıq gec ola bilər. Odur ki, bu gün belə bir məsələnin dövlət rəhbəri tərəfindən kəskinliklə qoyulması ölkənin əlaqədar qurumları üçün çox mühüm və məsuliyyətli bir göstərişdir.Azərbaycan Respublikasının Azərsky peykinin məlumatlarından istifadə prioritet texnoloji məsələlərdəndir. AZPOS sisteminin də gördüyümüz işlərin keyfiyyətinin yüksəldiməsinə önəmli töhfə verəcəyi şübhəsizdir. Bü gün nəinki mülki işlərdə, hətta hərbi geodeziya məsələlərinin həllində də Azərsky peykinin imkanlarından yararlanmaq üçün intensiv işlər aparılır. Tələb olunan kosmik təsvirlərə qoyulan tələblər müəyyənləşdirilir, istifadə sahələri ilə bağlı dəqiqləşdirmələr aparılır. Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi kimi funksiyaları da əhatə etməlidir. Beləliklə, qarşıda duran vəzifələr 2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru ilə təyin olunmuşdur. Sonuncu isə öz növbəsində Azərbaycanın müasir dünyada lider dövlətlərlə bir cərgədə yer tutmasında həlledici amilə çevrilməkdədir.
Qərib Məmmədov,
AMEA – nın həqiqi üzvü