"Ümumiyyətlə Əli Kərimli və onun ətrafında olan radikal qrupun müxalifət düşüncəsi yoxdur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyədə yayımlanan "Azərbaycan saatı" verilişində Azərbaycan xalqına, dövlətinə qarşı şər-böhtanın atılmasına münasibət bildirərkən deyib. Baş redaktorun sözlərinə görə, müxalifətin düşüncəsiz fəaliyyəti Azərbaycan xalqına, dövlətçiliyinə qarşı düşmənçilikdən ibarətdir: "Ona görə də onların səsləndirdikləri fikirlər, müxtəlif transmilli mediada söylədikləri ifadələr və s. nəticə etibarilə bu şəxslərin düşmənçilik xislətindən qaynaqlanır. Bu insanların Azərbaycan siyasi sitemində uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, müxalifətçilik anlayışının məzmununu dərk edə bilmirlər. Həmin şəxslər müxalifətçilik institutuna daxil olub Azərbaycanın siyasi palitrasında özlərinə yer tuta bilmədilər. Məhz buna görə də onlar bütün seçkilərdə uduzurlar. Müxalifətçiliyinin düşmənçilik kimi qavranılması nəticə etibarilə onun anti-milli institutunu müəyyənləşdirir və şərtləndirir. Bu da təəccüblü deyil".
sia.az