PDF Oxu

Siyasət

  • 17

"Çanaqqala zəfəri bütün türk-islam dünyasının tarixi təntənəsidir"

"Çanaqqala zəfəri bütün türk-islam dünyasının tarixi təntənəsidir"

Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının şəhər 2 saylı tam orta məktəbdə müəllim kollektivinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirdiyi dəyirmi masada səsləndirilib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Çanaqqala zəfəri islam dünyasının ən böyük dövlətlərindən biri olan, dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasında misilsiz xidmətləri olan Osmanlı dövlətinin əsarət altına salınmasına yönələn, minlərlə günahsız insanın qanını tökən Avropanın işğalçı dövlətlərinin apardıqları işğalçılıq siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, mübarizəsidir:"Min illərlə savaş təcrübəsi olan türk ordusu məhz Çanaqqala döyüşündə bir daha böyük şücaət göstərərək hərbi texnika və canlı qüvvə baxımından özündən qat-qat güclü olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərmişdir".

Natiq qeyd edib ki, məsələnin hərbi-siyasi tərəfinə nəzər yetirsək, görərik ki, həmin dövrdə regionda vəziyyət elə də ürəkaçan deyildi. Bir sıra ölkələri fəth etmiş və 600 ildən artıq müddətdə, necə deyərlər, üç qitəyə hökm etmiş Osmanlı imperiyası XX əsrin əvvəlində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlı dövlətini çökdürür, ölkələr bir-bir əlindən çıxır, gücü zəifləyirdi:"Artıq Osmanlı dövlətinin çöküşü qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında artıq bölüşdürmüşdülər. Çanaqqala zəfəri məhz belə bir vaxtda baş vermişdi. Ona görə də bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin "məhvərini" dəyişdirən qələbə kimi də qiymətləndirirlər. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, sayca ikiqat çox olan düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi. Döyüşlərdə ordu 253 min şəhid verdi. Tarixi mənbələrdən belə məlum olur ki, Osmanlı ordusunun verdiyi şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü də var idi".

Ə.Vahabova bildirib ki, həmin döyüşlərdə türk əsgəri öz qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. Natiq qeyd edib ki, Birinci Dünya müharibəsində və daha sonra qurtuluş savaşında böyük hünərlər göstərən Türkiyə ordusu bu gün də özünün yüksək döyüş qabiliyyəti ilə diqqəti cəlb edir:"Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələri özünün döyüş hazırlığına görə Avropa ölkələri arasında birinci, NATO-da isə dünyanın supergücü olan ABŞ-dan sonra ikinci yeri tutur. Türkiyə iqtisadiyyatı da son illərdə xeyli güclənmiş və dövlət iqtisadi gücünə görə dünya ölkələri arasında 16-cı yerədək yüksəlmişdir".

Bu gün dünyada islamofobiya xəstəliyinə tutulmuş bəzi Avropa və dünya dövlətləri bütün müsəlman ölkələrinə, o cümlədən bir neçə əsr ərzində türkçülüyün və islamın təbliğatçısı olan Türkiyəyə qarşı çirkin siyasət yeridirlər. Rayon təşkilat sədrinin sözlərinə görə, əsassız, heç bir tarixi həqiqəti əks etdirməyən, uydurma "erməni soyqırımı" ideologiyası ilə silahlanan, ölkəmizə, qardaş Türkiyəyə qarşı ikili standartlarla yanaşan bu qara qüvvələrin hər vəchlə Türkiyədə, Azərbaycanda, bütün müsəlman dünyasında baş verən sürətli, davamlı iqtisadi-mədəni inkişafın və yüksəlişin qarşısını almağa, bu ölkələrdə daxili sabitliyi pozmağa, vətəndaş qarşıdurmasına yönələn işlər görməklə məşğuldurlar:"Təkcə Anadoluda, Ağrıda, Qərbi Azərbaycanda, Qarabağda və Xocalıda əli yüz minlərlə günahsız türkün və azərbaycanlının qanına bulaşmış, bəşəriyyət tarixində insanlıq adına görünməmiş cinayətlər törədən erməni daşnaklarına, onların törətdiyi qırğınlara biganə qalan, hər vəchlə bu vəhşiliyi ötr-basdır etməyə çalışan bəzi ölkələr, tarixi bir yalanı, tarix adına bir qara ləkə olan qondarma "erməni soyqrımı"nı az qala bir insanlıq dramına çevirmək istəyirlər. Hətta bir zamanlar "Avropa və dünyada sülhün təbliğatçısı" rolunu oynayan Roma Papası, Avropa ölkələrində demokratiyanın, insan hüquqlarının guya fəal qoruyucusu olan Avropa Parlamentinin qondarma "erməni soyqrımı"nı qəbul etməsi və bəzi ölkələri də bu yalanla Türkiyəyə qarşı əsassız, heç bir həqiqəti əks etdirməyən bir hadisəni tanımağa çağıran bəyanatı artıq bizlərə tanış səhnədir".

Tədbirdə məktəbin müəllimləri Gülxar Əliyeva, Gilas Musayeva, Fatma Vəliyeva, Rəhilə Salahova, Əli Əliyev və başqaları çıxış edərək qeyd ediblər ki, Çanaqqala zəfərinin 100-cü ildönümü Türkiyədə, Azərbaycanda ümumiyyətlə, əksər tükdilli ölkələrdə böyük təmtəraqla qeyd olunur. Bütün türk-islam dünyasının tarixi təntənəsi olan Çanaqqala zəfəri dünya tarixində xeyirin şər üzərində, ədalətin zülm üzərində qələbəsidir.

ZÜMRÜD

Digər xəbərlər