Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə əklil qoydular. Ümummilli Lider Heydər Əliyevin xatirəsini anan tədbir iştirakçıları məzarı önünə gül dəstələri düzüblər.
Sonra YAP Səbail rayon təşkilatının qərargahında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzedicisi, millət vəkili Şəmsəddin Hacıyev qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "Vaxtilə, Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım görkəmli alim kimi, sədaqətli yoldaş kimi, qayğıkeş ana kimi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, Onun xatirəsini hər zaman uca tutacaq".
Tədbirdə YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb. O, vurğulayıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.
YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, ali dərəcəli həkim, Koreya-Azərbaycan Şərq Təbabəti Klinikasının direktoru Zərifə Quliyeva görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açaraq bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur: "Zərifə xanım yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır".
Z.Quliyeva onu da vurğulayıb ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu məktəb gələcək nəsillərimizə də öz əvəzolunmaz töhfələrini verəcək.
Tədbirdə prof. və şair Paşa Qəlbinur bildirib ki, Zərifə xanım hər zaman nursuz gözlərə işıq paylamaq, füsunkar gözəlliyə həsrət qalan insanların gözlərinə həyat eşqini qaytarmaq arzusunda olub. Zərifə xanım Əliyevanın ilk aspirantlarından olan professor Paşa Qəlbinur Zərifə xanımın gənc alimlərə qayğısından və onun ana şəfqətindən də söhbət açıb.
Daha sonra çıxış edən əməkdar jurnalist, İTV-kanalının məsul əməkdaşı Flora Xəlilzadə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrindən danışıb.
RƏFİQƏ KAMALQIZI