Dünən YAP Şəmkir rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb: "1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır. Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir".
YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədri Nüşabə Seyidova akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığını vurğulayıb.
Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri, YAP Şəmkir rayon qadınlar şurası idarə heyətinin üzvü Sona Əliyeva çıxışında bildirib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı: "Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır".
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədr müavinləri Aybəniz Nəsibova, Qətibə Məmmədova və Aləmzər Hüseynova bildirdilər ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
R.HÜSEYNOVA