Sədaqət Vəliyeva: "Ümummilli Liderin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib"
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında "Breyn-rinq" intellektual yarışı keçirilib. SİA xəbər verir ki, yarışın açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil, demokratik dövlətin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışaraq qeyd edib ki, müstəqil Azərbaycanın uğurları Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib.Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır: "Bu cür intellektual yarışların əsas məqsədi dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır".Daha sonra yarışa start verilib. Rayonun 22 məktəbinin 5 nəfərdən ibarət komandaları iştirak edib ki, komandalara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallar verilib. Komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib. Bundan sonra birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşdirilib.Yarışın qalibi 10 nömrəli orta məktəbin şagirdləri olublar. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 227 və 129 nömrəli məktəblərin komandaları bölüşüblər.Sonda qalib komandaların üzvlərinə diplomlar və medallar təqdim edilib
sia.az