Dünən Xaçmaz rayon icra hakimiyyəti və YAP Xaçmaz rayon təşkilatı qadınlar şurası Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova açaraq akademik Zərifə xanım Əliyevanın fəaliyyəti, ölkəmiz və tibb elmi üçün gördüyü işlərdən danışıb: "Zərifə xanım Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim, mehriban ana, vəfalı, sədaqətli həyat yoldaşı, səmimi dost, saf insan idi. Bu da təbiidir, çünki Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi".
YAP Xaçmaz rayon təşkilatı qadınlar şurasının sədri Sevinc Sədullayeva "Akademik Zərifə xanım Əliyeva - 92" mövzusundə məruzə ilə çıxış edərək Zərifə xanım Əliyevanın ölkənin tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, silahdaşı kimi Azərbaycanın inkişafındakı xidmətlərindən, və Azərbaycan xalqı üçün dünyaşöhrətli İlham Əliyev kimi bir siyasətçini yetişdirməsindəki xidmətlərindən, birinci xanım olaraq ölkəmizin inkişafındakı xidmətlərindən və bu gün ölkəmizin birinci xanımı olan Mehriban xanım Əliyevanın uğurlu siyasətindən danışıb.
Çıxış edən oftalmoloq həkim Samirə Adıgözəlova Zərifə xanım Əliyevanın elmi yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, alim dünyada ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq, elm aləmində yeni bir istiqamətin əsasını qoyub.
Sonda akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər dinlənilib.
R.HÜSEYNOVA