İlham Əliyev: "Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır"
Son illər Azərbaycanın iqtisadi-siyasi qüdrətinin günbəgün artması, ölkəmizdə dünyada analoqu olmayan sosial layihələrin reallaşdırılması, tariximizin, milli-mədəni dəyərlərimizin ən yüksək səviyyədə qorunub saxlanılması dövlətçilik tariximizdə yeni bir səhifə açmışdır. Azərbaycanın bütün sahələr üzrə-siyasi, iqtisadi, sosial, hərbi və s. əldə etdiyi üstünlüklər bu gün dünyanın supergücləri tərəfindən də təqdir olunur. Dünya ölkələrində ciddi iqtisadi böhranların, sosial partlayışların, inqilabların və terrorçu təşkilatların meydan qazandığı bir vaxtda Azərbaycan öz inkişaf yolunda irəliləməkdə davam edir.
Artıq dədə-baba torpaqlarımızı qəsb etmiş terrorçu Ermənistan dövləti də öz məğlubiyyətini dolayısı ilə etiraf edir, Azərbaycanın əldə etdiyi iqtisadi, hərbi qüdrətin qarşısında diz çökür. Təsadüfi deyil ki, ölkəmizin inkişafı, hərbi qüdrətinin günbəgün artması düşmən dövlətdə böyük qıcıq yaradıb, ona görə də sinir sistemlərinə hakim ola bilməyən Ermənistan siyasi elitası öz xalqı ilə açıq müharibəyə girmişdir. Düşmən ordusunda baş alıb gedən intiharlar, fərarilik və pozuculuq fəaliyyətinə görə öldürülmüş həbrçilərin taleyi göz qabağındadır. Lakin problemlər təkcə bununla bitmir. Bu gün Ermənistan fəlakət məngənəsində sıxılır, Yerevanda aksiyalar səngimək bilmir. Çünki ermənilər də açıq-aydın şəkildə görürlər ki, Azərbaycan dünyada ən yüksək tribuna qazanmış dövlətlərdən biridir. Ermənistan isə sosial fəlakətlər burulğanında çalxalanır.
Heç şübhəsiz ki, Azərbaycanın bu inkişafı, sarsılmaz tərəqqi yolu, günbəgün artan beynəlxalq nüfuzu ölkəmizi gözü götürməyən qüvvələri qıcıqlandırır. Məhz bu qüvvələr əllərində olan media qurumları və QHT-lər vasitəsilə Azərbaycan haqqında qeyri-obyektiv, heç bir reallığa söykənməyən, iddiaları sabun köpüyündən fərqlnəməyən bəyanatlar verir, dezinformasiyalar dərc etdirirlər. Eləcə də mütəmadi olaraq ölkəmizdəki əlaltıları, pulla ələ aldıqları canilər, dövləti cinayətlər işləmiş şəxslər vasitəsilə ölkəmiz haqqında qara piar kampaniyasına start veriblər. Təsadüfi deyil ki, "insan hüquqlarının müdafiəçisi" pərdəsi altında gizlənən bəzi təşkilatlar məhz daxilimzdəki bu kimi şəxslərin həqiqəti əks etdirməyən "donoslar"ı əsasında hesabatlar hazırlayırlar. Son vaxtlar isə ölkəmizə qarşı aparılan qara piar kampaniyası yenə də vüsət almışdır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi edəcək, bütün dünyanın diqqəti ölkəmizdə olacaq və dövlətimiz bu beynəxalq əhəmiyyətli tədbirin öhdəsindən də layiqincə gələcək. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi bu tip qüvvələri və onların ölkəmizdəki ünsürlərini qane etmir. Lakin heç bir qüvvə Azərbaycanın inkişafına, uzaqgörən və gələcəyə hesablanmış siyasətinə mane ola bilməz. Çünki Azərbaycanda sarsılmaz iqtidar-xalq birliyi möbvcuddur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxarışında bütün bu məsələlərə özünün münasibətini ifadə elədi və bildirdi ki, dünyada çox güclü tərəfdaş kimi tanınan Azərbaycanın inkişafına heç bir qüvvə xələl gətirə bilməz: "Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə "Eurovision" müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan anti-Azərbaycan kampaniyasıdır. Bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Nə Azərbaycan xalqı, nə də dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Ancaq dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Bizi ittiham etmək istəyən dairələr öz ölkələrindəki vəziyyətə baxsınlar. Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Bu, Azərbaycan xalqını üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz. Avropa Oyunları sadəcə olaraq bir bəhanədir. Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox görürlər".
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında onu da bildirmişdi ki, dünyada sanki riyakarlıq, yalan və ədalətsizlikdən ibarət yeni bir dəyərlər sistemi formalaşır: "Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır "Transparency International"? Niyə bu işlərdə öz sözünü demir? Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Biz buna qarşı mübarizə aparırıq. Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Beynəlxalq hüquq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Bu, onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və düşünülmüş siyasət və sosial ədalət. Azərbaycanda ictimai-siyasi vəziyyət müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və bugünkü Azərbaycan reallıqları bunu göstərir. Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Azərbaycan qazı bu gün Avropa, Avrasiya, bu bölgə üçün böyük əhəmiyyət daşıyır. Yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini, bizim gücümüzü və təsir imkanlarımızı artıracaq. Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Üzv olduğumuz beynəlxalq təşkilatlarda bütün öhdəliklərimizi yerinə yetiririk, onlara hörmətlə yanaşırıq. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq, müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik".
Samir