PDF Oxu

Siyasət

  • 29

Müsəlman dünyasında həmişə xaos, anarxiya olmalıdırmı?

Müsəlman dünyasında həmişə xaos, anarxiya olmalıdırmı?

Əli Həsənov: "Anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi sıralarında görmək istəməməsidir"

Azərbaycanda I Avropa Oyunlarının yaxınlaşması anti-Azərbaycan qüvvələrin "fəallaşmasını" labüd vəziyyətə çevirib. Həm daxili, həm də xarici təsir qrupları Azərbaycana təzyiqlər edib, demokratik imicinə ləkə gətirməklə I Avropa Oyunlarının əhəmiyyətini azaltmaq üçün cəhdləri artırmaqdadırlar. Bu işdə isə qondarma səbəblərdən istifadə edən anti-Azərbaycan qüvvələri daha çox insan hüquqları məsələsini təzyiq platformasına qoyurlar. Bu kimi hallar isə elə anti-Azərbaycan cəbhəsində yer almış Qərb dövlətlərinin özləri haqqında heç də xoş olmayan, reallıqdan kənar fikir formalaşdırır. Aydın şəkildə görünür ki, demokratiya və insan hüquqları heç də təqdim olunduğu kimi, xüsusi dəyərlər deyil, istismarçı dövlətlərin başqalarına təsir etmə alətinə, vasitəsinə çevrilib. Başqa sözlə, demokratiya hegemon dövlətlərin öz maraqlarını qoruması üçün bilərəkdən yaradılan təzyiq faktorudur.

Ölkəmizdəki siyasi sabitliyə, dinamik inkişafa qısqanclıqla yanaşan qərəzli qüvvələr dəfələrlə Azərbaycanla bağlı qara piar kampaniyası aparsalar da, reallıqdan kənar addımlar atmağa təşəbbüs göstərsələr də, xalqın yekdilliyi sayəsində cəhdləri iflasa uğrayır, niyyətləri baş tutmur. Təbii ki, belə hallar ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə deməkdir. İstənilən halda buna haqq qazandırmaq mümkün deyil və ola da bilməz. Ötən illərdə baş verən hadisələrə diqqət yetirilsə, deyilənlərin obyektivliyi təsdiqlənər. Məsələn, ABŞ Liviyada, İraqda və keçmiş Yuqoslaviyada BMT Təhlükəsizlik Şurasının qərarlarını gözləmədən güc tətbiq edib.

Bundan başqa, Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən bir sıra Qərb dövlətlərinin rəsmiləri, eyni zamanda, beynəlxalq QHT-lər Birləşmiş Ştatlarda milli zəmində baş verən Ferqüsson hadisələrini, Quantanamo həbsxanasında saxlanılanları nədənsə yada salmır. Ölümlə nəticələnən hadisələr zamanı sözün əsl mənasında insan hüquqları pozulur, qara dərililər qətlə yetirilir, bununla bağlı baş verən iğtişaşlar polisin müdaxiləsi ilə yatırılır. Xəsarət alanlar olur. Geniş mənada insan hüquqları pozulur. Ştatların Baltimor şəhərində həbs olunan 25 yaşlı Freddi Qreyin ölümü, Missuri ştatının Sent Luis şəhərində 23 yaşlı qaradərilinin, Oklahoma ştatının Tulsa şəhərində 44 yaşlı Erik Harrisin ölümü ABŞ-da irqi ayrı-seçkiliyin qanuniləşdirilməsinin göstəricisidir. Elə göstərilən məsələlər baxımından Avropa İttifaqı ölkələri də ABŞ-dan geri qalmırlar.

Ölkəmizi özünün strateji tərəfdarı kimi elan etsə də, özünün maraqları naminə ikili standartlardan yararlanan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda da mövqeyini açıq bildirmir. ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına hər il maddi yardım göstərir. Müxtəlif məlumatlara görə, 1998-ci ildən indiyədək bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım ayrılıb. Faktiki yardımın həcmi isə 40 milyon dollar olub. Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə yardımı göstərib. Bu pulun hansı hissəsinin separatçı rejimə çatması məlum deyil. ABŞ Konqresinin Alt Komitəsi qondarma "Dağlıq Qarabağ Respublikası"na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklif etmişdi.

ABŞ, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə lazımınca diqqət yetirməyib. Əksinə, Birləşmiş Ştatlar təcavüzkarı həvəsləndirən Ermənistan–Türkiyə sərhədlərinin açılması layihəsinə qoşulub və bu ədalətsiz missiyanı dəstəkləyir. Azərbaycanla bağlı beynəlxalq təşkilatların saxta hesabatlarından zövq alaraq onları şişirtməklə ictimai rəyə təsir etməyə çalışan ölkə müxalifəti, növbəti dəfə "beşinci kolon" vəzifəsini yerinə yetirərək Azərbaycana qarşı qərəzli mövqedə dayananları reallığı əks etirməyən informasiyalarla təmin etməklə milli xəyanətkarlıqlarını təsdiqləyirlər. ABŞ-da Azərbaycanla bağlı dinləmələrdən zövq alan "beşinci kolon"un təmsilçiləri bu dinləmələri ölkəmizə qarşı təzyiq, təhdid kimi qələmə verməyə çalışırlar.

Son zamanlar ABŞ-da Azərbaycanla bağlı formalaşan qeyri-obyektiv yanaşma, mənfi fikirlərin tam subyektiv və qərəzli xarakter daşıması narahatlıq doğurmaqla, hər iki ölkə arasında münasibətlərə də təsir edir. Azərbaycana qarşı aparılan təxribat kampaniyası, ikili standartlardan qaynaqlanan ədalətsizlik ATƏT-in Minsk Qrupunun üzvü olan bu ölkənin separatçıya yardımı kimi dəyərləndirilir. Amma nəzərə almalıdırlar ki, Azərbaycanın demokratiyanın inkişafı istiqamətində apardığı islahatlar digər ölkələrə nümunə ola bilər. Bu gün ölkəsində insan hüquqlarının pozulduğu, irqi ayrı-seçkiliyin qurbanlarının sayının istənilən qədər olduğu Amerikanın bəzi siyasətçilərinin Azərbaycanda demokratiya axtarışına çıxması başa düşülən deyil. Bu günədək ölüm hökmünü qüvvədə saxlayan, azadlıqdan məhrum edilən və edam cəzasına məhkum olunmuş məhbusların müxtəlif yollarla öldürülməsinin müşahidə olunduğu Amerikadan fərqli olaraq Azərbaycanda ölüm hökmü ləğv olunub.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vurğuladığı kimi, Azərbaycan tipli modern inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini nədənsə həzm edə bilmirlər: "Anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos və anarxiya olmalıdır. İnsanlar biri-birini öldürməlidir... Nümunəvi, modern müsəlman dünyası təqdir olunmamalıdır... Onlar illərlə Azərbaycan haqqında özlərinin düşündükləri rəyi belə fomalaşdırmağa çalışmışlar." Bu səbəbdən də Azərbaycanın I Avropa Oyunlarına hazırlığının yüksək səviyyədə təşkilindən narahat olur, ölkəmizin sivil dünyanın tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi tanınmasını həzm edə bilmirlər.

Tolerant ölkə kimi təcrübəsi yayılan, mültikulturalizm mərkəzi kimi möhtəşəm beynəlxalq forumlara ev sahibliyi edən Azərbaycana bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirmək üçün imkanlar yarananda belə qərəzli qüvvələr qara piar kampanyasına başlayırlar. Azərbaycanın balanslı daxili və xarici siyasətinin belə uğur qazanmasıdan narahat olan dairələr qısqanclıqlarını ölkəmizə qarşı böhtanlar yağdırmaqla ört-basdır etməyə çalışırlar. Lakin ölkəmizin dövlət siyasətinin əsasını Azərbaycan xalqının maraqları, milli mənafe kimi dəyərlər təşkil edir. Geostrateji əhəmiyyətli coğrafiyada yerləşən Azərbaycan özünün müstəqil iradəsinə uyğun siyasətini formalaşdırır və tənzimləyir.

"Səs" analitik Qrupu

Digər xəbərlər