PDF Oxu

Siyasət

  • 26

Yevlaxda oftalmoloq-alim Zərifə Əliyevanın anım tədbiri keçirilib

Yevlaxda oftalmoloq-alim Zərifə Əliyevanın anım tədbiri keçirilib

Dünən YAP Yevlax rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirdi. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon qadınlar şurasının sədri Əminə Əhmədova açaraq qeyd etdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. "Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Görkəmli alim "Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti mözusunda" doktorluq işi yazaraq oftalmologiya peşə xəstəlikləri problemlərinin profilaktikası üsullarının əsasını qoyub. Bütün bu tədqiqatların uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata - akademik M.İ.Averbax adına mükafata layiq görülüb. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirirdi.

Sonra çıxış edən Mərkəzi Şəhər Xəstəxanasında baş həkimin müavini Niyaz Hüseynov vurğuladı ki, oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirliməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülən Zərifə xanım bütün elmi yaradıcılığı və fəaliyyəti ilə Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının fəxri idi. Niyaz Hüseynov vurğuladı ki, Zərifə Əliyevanın elmi fəaliyyətinə oftalmologiya elminin müasir problemlərinə dair bir sıra tədqiqatlar, 12 monofqrafiya, bir neçə dərs vəsaiti, 160-dan artıq elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklif daxildir. Çıxış edən Əfşan Quliyeva akademik Zərifə Əliyevanın xalqına, peşəsinə daim sadiq olmasını, onun görkəmli alim, pedaqoq, həm də xalqını, Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğunu vurğulayan Əfşan Quliyeva qeyd etdi ki, Zərifə xanım bütün şərəfli ömrünü insanlara işıq bağışlamağa həsr etmişdi.

Sonra YAP Yevlax rayon təşkilatının apparat rəhbəri Əli Quliyev çıxış etdi. O, qeyd etdi ki , "Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə yanaşı həm ideal bir həkim , alim, xeyirxah və nəcib insan, həm də Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir, müstəqil Azərbaycan dövlətinin xilaskarı, meamarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür yoldaşı, Ulu Öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı, xalqımızın etimad göstərdiyi və taleyini, dövlətçiliyini etibar etdiyi, inandığı Prezident İlham Əliyevin anası, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın nənəsi kimi xatirələrdə yaşayır və daim yaşayacaq ".

Sonda Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Zərifə Məmmədova çıxış edərək görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışdı. Qeyd olundu ki, Zərifə xanım Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk oftalmoloq-alimdir. Onun insanlıq naminə yüksək keyfiyyətləri və məziyyətləri biz həkimlər və tibb işçiləri üçün həmişə nümunə, örnək olaraq qalacaq, hörmət və ehtiramla xatırlanacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər