Aprelin 22-də YAP Lənkəran şəhər təşkilatı qadınlar şurasının şəhərin Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad ediblər. Sonra Zərifə xanım Əliyeva haqqında film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatı qadınlar şurasının sədri Ofelya Qənbərova çıxış edərək qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci idönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. O, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb:"Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".
Tədbirdə daha sonra çıxış edənlər Zərifə xanımın tibb elmindəki nailiyyətləri ilə bərabər, həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olmasını vurğulayıblar. Qeyd olunub ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, ailə üzvlərinə qarşı səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.
ZÜMRÜD