Mən bir neçə təklif üzərində öz fikirlərimi qurmaq istəyirəm. Biz adətən bu cür tədbirləri həmin hadisələrin ildönümü ərəfəsində keçiririk. Məsələn, 26 fevral, 31 Mart. Amma qalan dövr ərzində demək olar ki, bu hadisələr, ermənilərin bizə qarşı etdikləri cinayət əməlləri, soyqırımı və digər məsələlər unudulur, ikinci plana keçirilir". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.YAP İcra katibinin müavini hesab edib ki, bu cür tədbirlər ayrı-ayrı yerlərdə, mötəbər məclislərdə ilboyu keçirilməli və mütəmadi təşkil olunmalıdır: "Əgər bu mütəmadi şəkildə olmayacaqsa, təbii ki, biz nəticə əldə edə bilməyəcəyik. Bu baxımdan istər Türkiyədə, istər Azərbaycanda, istərsə də Avropanın ayrı-ayrı ölkələrində və yaxud təmsil olunduğunuz beynəlxalq qurumlarda mütəmadi olaraq bu məsələləri qaldırmalıyıq. Beləcə, erməni yalanlarını sübuta yetirməli və tarixi faktları ortaya qoymalıyıq. İkincisi, biz bu cür konfransları keçirdiyimiz zaman məsələləri 3 istiqamət üzrə qurmalıyıq. Birincisi, tarixi faktlarla bağlıdır. İkincisi, real vəziyyətdir. Üçüncüsü isə gələcək hədəflər müəyyən olunmalıdır. Biz tarixi faktları sadaladıq, qulaq asdıq və dinlədik. Bəs gəlin görək bizim bu gün görəcəyimiz iş nədən ibarət olmalıdır və gələcəkdə hansı addımları atmalıyıq? Təbii ki, tarixi fakt bəllidir. Fakt bundan ibarətdir ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu, yalandır və iftiradır. Bugünkü reallıq isə odur ki, artıq bir sıra dövlətlər qondarma "erməni soyqırımı" ilə bağlı öz qərarlarını veriblər. Hətta bəzi dövlətlər öz vətəndaşlarına "soyqırımı"nı tanımadıqlarına görə cinayət işi açırlar".S.Novruzov əlavə edib ki, Türkiyənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən bir sıra Avropa və dünya dövlətləri narahat olmağa başlayır: "Əgər regiona nəzər salsaq görərik ki, regionda maraqlı olan dövlətlər də bu erməni kartından çox canfəşanlıqla istifadə edirlər. Bəs biz bununla əlaqədar nə etməliyik? Hesab edirəm ki, biz artıq öz hədəflərimizi müəyyənləşdirməliyik. Müəyyən etməliyik ki, bu cür hallar bizə qarşı olacaq. Məsələn, gözləməməliyik ki, ABŞ prezidenti Barak Obama "soyqırımı" ifadəsini dilinə gətirəcək, ya yox. Artıq buna qarşı öz addımlarımızı, işimizi aparmalıyıq. Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik. Biz onların seçkili orqanlarında fəal iştirak etməliyik. Konqresdə, Senatda və başqa-başqa yerlərdə təmsil oluna bilmiriksə, bu qurumlara seçilmək hüququmuz yoxdursa orada təmsil olunanlara maliyyə dəstəyi göstərməliyik. Sakit oturaraq ildən-ilə bu məsələləri gözləməklə biz heç bir uğura imza ata bilmərik. O baxımdan da gələcək fəaliyyət proqramımızı düzgün qurmalıyıq".
sia.az