Vitse-spiker: "Qondarma "soyqırımı"nı tanıyanların keçmiş nəsilləri vaxtilə Osmanlı İmperiyasını işğal etmək istəyənlərdir"
"Bu gün qondarma "soyqırımı"nı tanıyanların, tanıma prosesinin başında dayanan ölkələrin keçmiş nəsilləri vaxti ilə Osmanlı İmperiyasını işğal etmək istəyənlərdir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.B. Muradova bildirib ki, 300 illik Avropa-Türkiyə münasibətləri bir sıra Avropa ölkələrinin xatirinə silinməyib, onlar bunun acısını hiss etməkdədirlər və əvəzini də zaman-zaman çıxmağa çalışacaqlar: "Bugünki dünya nizamında tutduğumuz yerə görə arxayınlaşmağa və sakit oturmağa ixtiyarımız yoxdur. Ona görə də gündəlik işimizi davam etdirməliyik. Nə qədər qondarma "soyqırımı"nın tanınmasının qarşısını almağa çalışsaq da, bunu tam olaraq bacara bilmədik. Bu proses başlanıb və davam edir. Dünyadakı proseslərə təsiri olan ölkələrin hamısı, bütün beynəlxalq təşkilatlar bu qərarı qəbul etsə və sonda da hər hansı bir hüquqi nəticələrə gətirib çıxara biləcək addımlar atılsa, biz həmin günlərə də hazır olmalıyıq. Hesab edirəm ki, biz daha qlobal, məqsədyönlü, ardıcıl hədəflər uğrunda çalışmalıyıq. Ona görə də bizim birlikdə və güclü olmaqdan başqa çarəmiz yoxdur".
sia.az