Elman Nəsirli: "Fransa prezidentinin regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə isə yeniliklər ola bilər"
Ermənistanın qeyri-konstruktiv movqe tutması səbəbindən işğal etdiyi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq mümkün olmayıb. Münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qurupunun həmsədrləri də konkret addımlar atmırlar. Aparıcı dövlətlərin Ermənistana təsir etməməsi də problemin həllinin uzanmasına gətirib çıxarıb. Bu arada yerli və xarici mətbuatda qeyd olunub ki, Fransa prezidenti Fransua Ollandın aprelin 24-25-də Ermənistana və Azərbaycana planlaşdırılan səfəri zamanı prezidentlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflə çıxış edəcəyi bildirilir. Bu, nə dərəcədə real görünür?
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, Fransa prezidentinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində yenilik ola bilər: "Qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə Fransa prezidenti Fransua Ollandın da qatılacağı ilə bağlı məlumatlar var. Fransa prezidenti bu səfəri çərçivəsində aprel ayının 25-də Azərbaycanda səfərdə olacaqdır. Belə məlumatlar yer alıb ki, Fransa prezidentinin regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə isə yeniliklər ola bilər. Yəni F.Olland Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflərlə çıxış edə bilər".
Bununla belə politoloq keçən ilin oktyabr ayının 27-də Paris danışıqlarında Fransanın həmsədr dövlət kimi münaqişənin həlli ilə bağlı yeni bir proqram irəli sürməməsini əsas gətirərək qeyd etdi ki, budəfəki görüşlərdə də ola bilsin ki, Fransa prezidentinin konkret planı olmasın: "Paris görüşü əsas onunla yadda qaldır ki, Fransa prezidenti münaqişənin həlli ilə bağlı Böyük Sülh Sazışının tərtib edilməsinin vacibliy ideyası ilə çıxış etdi. Azərbaycan da həmin ideyanı hər zaman müdafiə edib. Bu ideyanın da mahiyyəti ondan ibarətdir ki, indiyə qədər hər hansı razılaşmalar varsa, onlar artıq sənəddə öz əksini tapsın və Böyük Sülh Sazişinin tətbiqinə başlanılsın. Fransa prezidentinin bundan uzağa gedən nə isə yeni təklifləri olmamışdır. Bu baxımdan, düşünürəm ki, Fransa prezidenti həm də fərqində olmalıdır ki, onun bu təkliflərindən heç iki həftə keçməmiş Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunan ərazilərində hərbi təlimlər keçirdilər. Bunların hamısı da Paris danışıqlarından sonra baş vermişdir. Bu məntiqlə bu məsələyə yanaşdıqda, hesab edirəm ki, Fransa prezidenti həm də onun fərqində olmalıdır ki, indiki halda onun bu səfəri həm də vəziyyətin gərginləşməsinə xidmət etməməlidir. Çünki Azərbaycan tərəfdə haqlı olaraq bir sual yaraır ki, qondarma bir soyqırımı hadisəsi ilə bağlı o səfərə gəlir və bunun ardınca isə Azərbaycana səfər edir. Bir sözlə, belə olan halda Fransa prezidenti elə bir danışıqlar aparmalı və elə bir mövqe nümayiş etdirməldir ki, bundan sonra sülh prosesinə təkan versin, nəyinki vəziyyəti daha da gərginləşdirsin".
Qeyd olunanlara əsasən E.Nəsirli F.Ollandın səfərinin onu üçün çox böyük məsuliyyətli bir səfər olacağını bildirdi: "Prinsip etibarilə Ermənistanın davranışı, son bəyanatları, atəşkəs rejimini mütəmadi şəkildə pozması və növbəti təxribatlara əl atması belə qənayətə gəlməyə əsas verir ki, Ermənistan hər hansı bir yeni ideyanı və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir konstruktiv mövqeyi qəbul etmək niyyəti yoxdur. Bu baxımdan da, Fransa prezidentinin Ermənistana səfəri və bunun ardınca Azərbaycana səfərindən nə isə bir mövcüzə gözləməyin elə bir əsası yoxdur".
GÜLYANƏ