YAP Qazax rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünü qeyd edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünü qeyd edib.
İlk öncə tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq bildirib ki, bu gün biz görkəmli oftalmoloq-alim, akademik, ictimai xadim, sədaqətli ömür-gün yoldaşı və mehriban ana, gözəl bir Azərbaycan xanımı olan Zərifə Əliyevanın doğum gününü qeyd edirik. Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, mənalı, keşməkeşli ömür yolu Azərbaycan elmi, vətəni üçün gördüyü işlər bizlərdə həmişə bir iftixar və qürur hissi doğurur. H.Pənahov görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb: "1985-ci ilin bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır".
H.Pənahov, həmçinin görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsl vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğulayıb.
YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Asya Alhüseynova Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verərək, oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb: "Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olduğunu, tibb elminə böyük töhfələr veribdir. Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi".
A.Alhüseynova onu da vurğulayıb ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır: "1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə mübarizəyə başlamış, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir. Görkəmli alim malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur. Akdemik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur. Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq "Vestnik oftalmologii" jurnalı redaksiya heyətinin üzvü olmuşdur".
Tədbirdə Qazax rayon Mərkəzi Xəstəxanasının göz həkimi, YAP Qazax rayon təşkilatının üzvü Rəqiyyə İsmayılova, YAP Qazax rayon təşkilatı qadınlar şurasının üzvlərindən Qazax şəhər 3 saylı uşaq bağçasının müdiri Nəzakət İsgəndərova, Qazax Dövlət Sosial İqtisad Kollecinin müəllimi Tərlan Bədəlova, Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova və başqaları çıxış edərək Zərifə xanım Əliyevanın ailədə də cəfakeş, diqqətli bir ana, sədaqətli həyat yoldaşı olduğunu da vurğulayıblar. Çıxış edənlər onu da qeyd ediblər ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
RƏFİQƏ HÜSEYNOVA