Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününün 92-ci ildönümünə həsr olunmuş konfransı keçirilib. Konfransda YAP Sumqayıt şəhər təşkilatı və ərazi ilk partiya təşkilatlarının qadınları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının qadınlar şurasının sədri Nazilə Cəlilova qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan və dünya oftolmologiya elminə böyük töhfələr verib: "Onun keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olaraq qalacaq. Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib".
O, eyni zamanda bildirib ki, Zərifə xanım Əliyeva ailə həyatında və cəmiyyətdə nəcib insan, qayğıkeş həkim, mehriban ana, vəfalı, sədaqətli həyat yoldaşı, səmimi dost, saf insan idi: "Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu".
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini, səhiyyə şöbəsinin inspektoru Səkinə Sadıxova da öz çıxışında bildirib ki, Zərifə xanım Əliyeva tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı: "Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi".
Daha sonra çıxış edənlər - YAP Sumqayıt rayon təşkilatının qadınlar şurasının sədr müavini Leyla Əliyeva, "İstedad" liseyinin direktoru Adilə Süleymanova eləcə də digər qadınlar öz çıxışlarında
Zərifə xanım Əliyevanın ölkənin tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, silahdaşı kimi Azərbaycanın inkişafındakı xidmətlərindən, və Azərbaycan xalqı üçün dünyaşöhrətli İlham Əliyev kimi bir siyasətçini yetişdirməsindəki xidmətlərindən, birinci xanım olaraq ölkəmizin inkişafındakı xidmətlərindən və bu gün ölkəmizin birinci xanımı olan Mehriban xanım Əliyevanın uğurlu siyasətindən danışıblar.
Rövşən NURƏDDİNOĞLU