Naftalan şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı qadınlar şurasının görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü ilə əlaqədar birgə tədbir keçirib.Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, icra hakimiyyəti başçısının müavini, rayon təşkilatı qadınlar şurasının sədri Afət Cabbarova, tibb işçiləri və şəhərin içtimai-siyasi həyatında fərqlənən qadınlar iştirak ediblər. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini yad ediblər.Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev qeyd edib ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir: "Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyaya tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir".Tədbirdə icra hakimiyyəti başçısının müavini, YAP Naftalan şəhər təşkilatı qadınlar şurasının sədri Afət Cabbarova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elmi tarixinə parlaq səhifələr kimi yazılıb: "Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı əvəzsiz xidmətləri olub, onun bu sahədə apardığı elmi-tədqiqat işləri böyük səmərə verib. Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".Tədbirdə mövzu ətrafında çıxış edənlər Naftalan şəhər Mərkəzi Xəstəxanasının həkim-terapevti İlhamə Hüseynova və şəhər Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova çıxışlarında qeyd etmişlər ki, Zərifə xanım Əliyeva təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib. Qeyd olunub ki, onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar. O, tibbi fəaliyyəti dövründə Azərbaycanda geniş yayılan traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə böyük əmək sərf edib. Zərifə xanım Əliyeva oftalmologiyanin müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Sonda qeyd olunub ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, gözəl qayğıkeş ana olmuş və Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş etmişdir.
ZÜMRÜD