Dünən YAP Ağdam rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirib. Tədbirdə YAP Ağdam rayon gənclər birliyinin bir qrup fəal üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, gənclərə ətraflı məlumat verib. Rayon təşkilat sədri bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər, həm də özündən sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün də ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İ.Quliyev çətin və ağır bir dövrdə xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bunu zamanın tələbi olduğunu bildirib: "Ümummilli Lider Heydər Əliyev elə bir dövrdə siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmək təhlükəsi altında idi. Bu gün qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci illiyini böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Ötən bu dövrdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur".
Tədbirdə YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədri Azər Əliyev mövzu ətrafında çıxış edərək, bildirib ki, 1990-ci illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır: "Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdir. İnsanlar arasında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir zamanda xalqımızı ağır vəziyyətdən çıxara biləcək siyasi liderə ehtiyacı var idi. Ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanı daha ağır bəlalar gözləyir. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın tanınmış Lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək yenidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu".
A.Əliyev öz çıxışında qeyd edib ki, bu gün gənclər Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, xalqımızı layiqincə təmsil etməlidir.
Daha sonra YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədr müavini Xəyalə Əliyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qazanılmasında və möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün müstəqil Azərbaycan möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inamla inkişaf edir, yüksək zirvələri fəth edir.
Son olaraq tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
ZÜMRÜD