Göygöldə akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü qeyd olundu
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı rayonun mərkəzi xəstəxanası ilk partiya təşkilatında görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92 -ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib .
Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq-alimin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkim müavini Eldar Muradov, YAP Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva və YAP Göygöl rayon təşkilatının təlimatçısı Zamir Hüseynov iştirak edib.
Elmi-praktiki konfransda Lor şöbəsinin həkimi Vilayət Musayev çıxış edərək, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb: "Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Azərbaycanda geniş şəkildə yayılmış traxomanın müalicəsi və profilaktikasına dair tədqiqatın müəllifi olan Zərifə xanım Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-dən çox elmi iş, bir ixtiraya imza atmışdır. Həm peşəkar həkim, həm də əldə etdiyi bilikləri böyük həvəslə həkim və elmi işçilərlə paylaşan əvəzsiz müəllim olmuşdur. Akademikin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir".
Terapiya şöbəsinin baş tibb bacısı Elmira İsmayılova, cərrahiyyə şöbəsinin tibb bacısı Vüsalə İsmayılova çıxış edərək Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Ü.ƏSGƏROV