PDF Oxu

Siyasət

  • 18

Qaradağda Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edilib

Qaradağda Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olunub. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyətindən bəhs edib. Qeyd edib ki, akademik Zərifə Əliyeva gözəl həkim olmaqla yanaşı, həm də qayğıkeş xanım idi.

A.Hüseynov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bir həkim olaraq insanlara qarşı sonsuz qayğısının tükənməz olduğunu bildirərək qeyd edib ki, o, ictimai əhəmiyyət kəsb edən məsələlərdə də həmişə böyük fəallıq nümayiş etdirərək nümunə obrazı yaradıb. A.Hüseynov tibb elminin inkişafındakı xidmətləri ilə yanaşı, akademik Zərifə Əliyevanın xalqımızın Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı kimi böyük fədakarlıqlar göstərdiyini də deyib.

Bildirilib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, rayon təşkilatı gənclər birliyinin sədri Ramiz Yusubov, gənclər birliyinin sədr müavini Zəliha Zamanova, partiya fəalları Zaməddin Həmişəyev, Afət Muradova Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya elminin inkişafında akademik, dəyərli ziyalı Zərifə xanım Əliyevanın misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıblar. Natiqlər Azərbaycan qadınının ən gözəl nümunəsi olan Zərifə Əliyevanın bir ana kimi layiqli övladlar yetişdirərək cəmiyyətə bəxş etdiyini vurğulayıblar. Çıxışçılar Azərbaycan qadınının akademik Zərifə xanım Əliyevanın timsalında bu günümüzə və gələcəyimizə böyük örnək olduğunu bildiriblər.

A.SƏMƏDOVA

Digər xəbərlər