İki gün öncə, Bakıda - Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və "Bakı Xəbər" qəzetinin birgə təşkilatçılığı ilə "Bakı-2015": "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin hədəfləri və missiyamız" adlı tədbir keçirildi. Həmin tədbirdə Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, millət vəkillərinin və ölkəmizin nüfuzlu media nümayəndələrinin iştirak etməsi isə ilk növbədə belə qənaətə gəlməyə zəmin yaratdı ki, ölkəmiz bu möhtəşəm tədbirə uğurla hazırlaşır və bu gün ortada olan çoxsaylı faktlar da məhz bunu deməyə əsas verir.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirir və bu faktoru ölkəmizin dünyada söz sahibi kimi formalaşmasına verilən əhəmiyyətli töhfə kimi qiymətləndirilir. Əbəs yerə deyil ki, Avropa Oyunlarına dəstəklə bağlı koalisiyanın yaradılması barədə verilən qərar da yuxarıda qeyd edilən fikirləri bir daha təsdiq edir. Eyni zamanda koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüləcək. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
Onu da qeyd edək ki, sözügedən tədbirin əsas məqsədi cəmiyyəti I Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmək, eyni zamanda bu işdə vətəndaş cəmiyyətində, mediada daha geniş tərkibli işlər aparmaqdan ibarətdir. Daha dəqiq desək, "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin hədəfləri və missiyamız" adlı tədbirin keçirilməsi bir sıra digər məqamlara da diqqət etməyi zəruri edir. Belə ki, bu cür nəhəng, ilk və möhtəşəm idman yarışının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalaq aləmdə artan nüfuzunu daha da yüksəklərə qaldırmaq əzmindədir. Çünki Azərbaycanda demokratik dəyərlərin qorunması və inkişaf etdirilməsi, dini tolerantlığın ən yüksək səviyyədə təmin olunması, ölkəmizdə heç bir dini, irqi və s. bu kimi zəminlərdə problemlərin yaşanmaması, eləcə də tərəqqi faktorları məhz belə düşünməyə, belə nəticələnməyə əsas verir.
Möhtəşəm gəncliyin möhtəşəm təşəbbüsündən irəli gələn əhəmiyyətli faktor!
Yeri gəlmişkən, əgər nəzərə alsaq ki, idman faktoru daha çox gənc nəslin nəzərində olan bir maraq dairəsidir, bu zaman ölkə gənclərinin I Avropa Oyunları ərəfəsində göstərdikləri çoxsaylı təşəbbüsləri də önə sürmək olar. Bəli, məhz Azərbaycan gəncliyinin idmana, sağlam həyat tərzinə olan tükənməz marağı, onların müxtəlif beynəlxalq idman yarışlarında, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri davamlı nailiyyətləri nəticədə Avropa qitəsini əhatə edəcək nəhəng idman tədbirinin ölkəmizdə baş tutması gözlənilən hal idi. Çünki Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün kifayət qədər haqq qazanıb. Gənclərimiz isə bu haqqı qazanmaq istiqamətində həqiqətən də çox böyük təşəbbüslər göstəriblər. Nəticədə həmin təşəbbüs xalqımızın və dövlətimizin dəstəyi ilə qürurverici reallığa çevrilib.
Söz yox ki, burada dövlətlə yanaşı, gənəclərimizin təşəbbüsləri ilə birgə, həm də vətəndaş cəmiyyəti institutlarımızın, xüsusilə də medianın xidmətləri vardır. Bəli, biz vəhdət şəklində olan bir xalq, dövlət, ölkə olaraq, qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən inamla, qətiyyətlə, əzmlə gəldik. Söz yox ki, bundan sonra da belə olacaq!
Əldə edilmiş təcrübə qitə oyunlarını təşkil etmək üçün yetərli idi
Ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına 50 gün vaxt qalır. Qitənin ən böyük idman tədbirinə hazırlıq işləri son mərhələdədir. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 30 ay ərzində nəzərdə tutulan bütün tədbirləri yüksək səviyyədə icra edib başa çatdırmaq üzrədir. Artıq yarışların keçiriləcəyi idman obyektlərinin, demək olar ki, hamısı hazır vəziyyətdədir. Avropanın 49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında 20 idman növündə, o cümlədən 16 Olimpiya növündə mübarizə aparacaq. Ümumiyyətlə, "Bakı-2015" çərçivəsində 253 yarış keçiriləcək. Özü də ilk Avropa Oyunları çox innovativ olacaq və adi yarışlarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. "Bakı-2015"ə üçlük basketbol, çimərlik voleybolu, karate və s. kimi yeni idman növləri əlavə ediləcək.
Göründüyü kimi, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının miqyası kifayət qədər genişdir. Belə bir məsuliyyətli idman tədbirini təşkil etmək o qədər də asan deyil. Şübhə yoxdur ki, AOK 8 dekabr 2012-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edərkən Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə əmin idi. Belə ki, ölkəmiz o vaxtadək bir sıra dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etmiş və təşkilatçı kimi beynəlxalq idman ictimaiyyətinin təqdirini qazanmışdı. Əldə edilmiş təcrübə qitə oyunlarını təşkil etmək üçün yetərli idi.
Belələrinin kimlikləri, əslində hər birimizə məlumdur
Ancaq yuxarıda qeyd edilən və reallıqları əks etdirən fikirlərlə yanaşı, təəssüfedici yalanlar, təəccübdoğurucu böhtanlar, ikrah hissi yaradan sabotaj xarakterli piarlar da mövcuddur. Buna səbəb isə demokratiya və tolerantlıq ölkəsi olan, müstəqil siyasi xətt yürüdən Azərbaycanı istəməyən qüvvələrin qısqanclıqları, qaranlıq maraqlarının təmin olunmamasıdır. Çünki Azərbaycan bu oyunlara tam hazırdır. Amma bu istiqamətdə həyata keçirilən yüksək səviyyəli tədbirlərin reallaşmasına baxmayaraq, bəzi beynəlxalq təşkilatlar, Qərbə və erməni lobbisinə bağlı olan siyasi dairələr qərəzli bəyanatlar yaymaqda davam edirlər. Əlbəttə ki, belələrinin kimlikləri, əslində hər birimizə məlumdur. Onu da qeyd etmək yerinə düşərdi ki, bu kimi rəzillikdən doğan addımların atılması Azərbaycanı gözü götürməyən qüvvələrin birinci cəhdləri deyil. Azərbaycan ictimaiyyəti belə addımların bir neçə il öncə "Eurovision" mahnı yarışmasından öncə də şahid olmuşdu.
Beləliklə, I Avropa Oyunlarına hazırlıq dövründə aparılan işlər ərəfəsində də üzə çıxan bənzər faktlar həqiqətən də könül bulandırır. Guya Azərbaycanda nəninki insan haqlarının, hətta heyvan (?!-R.N) haqlarının pozulduunu iddia edən qərəzli və şantajçı Qərb sabotajçıları və həmin dairələrə məxsus media qurumlarının "informasiya" yaymaları bununla açıq-aşkar bir çox məqamları ifşa etmiş olur. Bu gün Azərbaycanı hədəfə alan həmin dairələrin ölkələrində irqi və dini məsələrdə tolerantlıqdan əsər-əlamət belə qalmayıb. Məscidlər yandırılır, sinaqoqlar dağıdılır, mühacirlər yaşayan kvartallara irqçi təşkilatlar tərəfindən hücmlar edilir, insanlar öldürülür, dükanlar, avtomobillər yandırılır, təhdidlər artır.
Ancaq kifayət qədər bəllidir ki, bütün sahələrdə sürətlə inkişaf edən, dünya arenasında birinciliyə doğru sürətlə irəliləyən Azərbaycanda iqtisadi və siyasi maraqlarını təzyiq yolları ilə təmin etməyə cəhd göstərən tərəflər mövcuddur. Həmin tərəflər əllərində olan bütün vasitələrdən istifadə etməklə Azərbaycan dövlətinə qarşı şər-böhtan xarakterli indormasiyalar yaymaqla məşğuldurlar. Bu kimi çirkin dairələr idmanı bir tərəfə qoyub cəfəng siyasi "təşəbbüs"lərlə çıxış etməyə, gah da Avropa Oyunlarının mahiyyəti ilə heç bir əlaqəsi olmayan əsassız fikirlər irəli sürməyə cəhd göstərirlər. Məsələn, Böyük Britaniyanın "www.insidethegames" internet saytının "şok" xəbərini tirajlayaraq oxuculara sensasiya təqdim etməyə çalışmışdı. Sayt iddia edirdi ki, guya "Bakı-2015" saxtadır, "əsl Avropa Oyunları" Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları "2-ci dərəcəli" tədbirdir, oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s.
Sabotajı xarici "jurnalistlətin" "missiyaları" yerinə yetirilməmiş qalacaq
Artıq o da bəllidir ki, məhz "Eurovision" öncəsi ölkəmizə göndərilən və əslində jurnalistika fəaliyyəti ilə deyil, məhz sabotajçılıq məqsədi ilə dırnaqarası jurnalistlik fəaliyyəti göstərən bir neçə xarici vətəndaş burada ölkəmiz haqqında yalnız və yalnız mənfi rəy yaratmağa cəhd göstərəcəklər. Hətta onların sayı da məlum olub. Belə ki, bu "missiyanı" həyata keçirmək üçün 30-a qədər sabotajçı qaranlıq siyasi dairələr tərəfindən təlimatlandırılıblar. Ancaq belə "missiyaların" yalnız məğlubiyyətlə nəticələnəcəyini bəri başdan deyə bilərik.
Hadisələri real qiymətləndirən bir sıra Qərb mətbuatı yenə də Qərbin bir sıra qərəzli media qurumlarını susdurmağı bacarıb
Belə böhtançılarla yanaşı, Avropanın hadisələri real qiymətləndirməyi bacaran və işıqlandıran media qurumları da mövcuddur. Məsələn, Fransanın idman həyatından bəhs edən "www.francjeux.com" internet portalında Bakıda keçiriləcək ilk Avropa Oyunları, Azərbaycanın bu mötəbər idman tədbirinə hazırlığı ilə bağlı "Bakıda idmançılar tarixə düşmək istəyəcəklər" sərlövhəli məqalə yerləşdirilib. Məqalədə əsasən "Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs Okallahanla müsahibə təqdim olunub. Yazıda ilk Avropa Oyunlarının açılışına iki aydan da az vaxt qaldığı diqqətə çatdırılıb, idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi vaxtlar qeyd olunub. Atletlərin yüksək ustalıq nümayiş etdirərək elə ilk anlardan adlarının tarixə düşməsi üçün çalışacaqları məqalədə xüsusi vurğulanır. İlk Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarla bağlı seçimin düzgün olub-olmaması barədə portalın sualını cavablandıran Pirs Okallahan idman növlərinin kəmiyyətinin onu keçirən ölkədən və şəhərdən asılı olduğunu bildirib.
Niderland Kralığının "The Holland Times" jurnalının aprel buraxılışında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı "Azərbaycan: imkanlar ölkəsi" başlıqlı məqalə dərc olunub. Yazıda vurğulanır ki, Azərbaycanla Niderland arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir. Məqalədə Azərbaycanda həyata keçirilən innovativ layihələrdən də söz açılır. Bildirilir ki, ilk Avropa Oyunları yeni idman müsabiqəsi formatı olmaqla qitənın müxtəlif idmançılarını bir araya gətirəcək. Bu tədbirə maraq qlobal səviyyədədir və Niderland Milli Olimpiya Komitəsi "Bakı-2015" Avropa Oyunlarına tam ciddi yanaşır. Niderland tərəfi hətta 2019-cu ildə keçirilməsi planlaşdırılan ikinci Avropa Oyunlarına ev sahibliyinə maraq göstərir. Diqqətə çatdırılır ki, Birinci Avropa Oyunlarına hökumət tərəfindən hərtərəfli dəstək verilir. Yazıda Azərbaycanın strateji coğrafi mövqeyi, iqlim və təbii şəraiti, turizm imkanlarına da toxunulub. Qeyd edilir ki, Azərbaycanın ilk Avropa Oyunları, 2016-cı ildə Formula 1 yarışması və digər beynəlxalq oyunlara ev sahibliyi etməsi ölkəmizdə turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Türkiyə mediası 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Materiallarda qeyd olunur ki, Azərbaycandakı Birinci Avropa Oyunları 21 məkanda keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək oyunlara hazır vəziyyətə gətirilir: "2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi edən Bakı Kristal Zalında 2015-ci il Avropa Oyunları çərçivəsində həndbol və digər qapalı məkan idman növlərində yarışlar keçiriləcək. Bunlarla yanaşı, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də tikilir. Aşılış mərasimi hazırda inşaatı davam edən 65.000 nəfərlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FİFA və UEFA rəhbərləri Yozef Blatter və Mişel Platini iştirak etmişdi".
Bu kimi məqalə və informasiyaların sayını yüzlərlə göstərmək olar. Bu isə bir daha sübut edir ki, Azərbaycana qarşı kütləvi səlib yürüşünə çıxmağa cəhd edən qərəzli media qurumlarının arzuları elə özləri ilə qərəz bataqlığında çürüyüb-məhv olacaq.
Hər bir işin öhdəsindən layiqincə gəlinəcək!
Məhz bu kimi amilləri nəzərə alaraq xüsusilə vurğulamaq yerinə düşərdi ki, "Bakı-2015": "Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının yaradılması ətrafında yekunlaşdırılan işlər Azərbaycanın haqq və ədalət səsini bütün dünyaya çatdırmağa nail olacaq.
Təbii ki, bu gün Azərbaycan mediasının da ölkəmizdə və dünyada oynadığı önəmli rolu istisna etmək qeyri-mümkündür. Məhz I Avropa Oyunları ərəfəsində bu ölkənin inkişafı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir fürsətdir. Artıq ölkəmizlə bağlı irəli sürülən qərəzli məlumatların biri də tam olaraq ifşa olunub. Həmin qərəzli məlumatı isə daim Azərbaycana qarşı şər xarakterli hesabatlar yayan "Amnesty İnternational" təşkilatı olub. Belə ki, bu günə qədər I Avropa Oyunlarına hazırlıqla bağlı 960 milyon manat xərcləndiyi halda, "8 milyard manat" xərclənib (?!). Xərcləndiyi barədə yayılan təxribat xarakterli məlumatlar kifayət qədər yalanlanıb. Təbii ki, bu əsassız xəbərlərin kökündə əsasən Azərbaycanın dünyada formalaşdırdığı imicinə xələl gətirmək məqsədi dayanır. Çünki xaricdəki müəyyən qüvvələr "beşinci kolon"a çevrilmək istəyənləri müdafiə edir və onları müstəqil QHT, müstəqil media kimi qələmə verirlər. Bunlara cavab vermək üçün medianın üzərinə böyük işlər qoyulur ki, onun da öhdəsindən layiqincə gəlinir və sona qədər də gəlinəcək!
Rövşən NURƏDDİNOĞLU