PDF Oxu

Siyasət

  • 17

Bakının nəqliyyat infrastrukturu I Avropa Oyunlarına hazırdır

Bakının nəqliyyat infrastrukturu I Avropa Oyunlarına hazırdır

Prezident İlham Əliyev: "Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir"

Dünyada davam edən qlobal böhranın təsirlərinə baxmayaraq, Azərbaycanda hərtərəfli inkişaf prosesi özünü göstərməkdədir. Xüsusilə də, Azərbaycanın I Avropa Oyunlarına hazırlaşdığını nəzərə alsaq, ölkəmizin üzərinə daha böyük məsuliyyətin düşdüyünü görərik. Bu prosesdə isə bütün istiqamətlər üzrə vahid plan üzrə işlər həyata keçirilməkdədir. Bu prioritet istiqamətlərdən birini də nəqliyyat-yol infrastrukturu təşkil edir. Sözügedən istiqamətdə reallaşdırılan işlər təbii olaraq, bu ilin I rübündə də davam etdirilib.

Qeyd edək ki, Azərbaycanın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər bu il də məqsədyönlü surətdə davam etdirilib. Nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin şəxsi iradəsi ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası, həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə icra olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid alıb. Reallaşdırılan layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir.

Bu kontekstdə qeyd edək ki, 2015-ci ilin birinci rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınıb. Limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil edib.

2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı-Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi- dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilib. Bu ilin üç ayı ərzində 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınıb.

Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılıb, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılıb. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri aprel ayının sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Qeyd edək ki, bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınıb, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilib.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra, limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilib. Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari ilin birinci rübü ərzində 492 min ton yük daşınıb. Eyni zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1 yedək gəmisi, 1 üzən tərsanə alınıb və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan yenidənqurma işləri cari ildə başa çatdırılacaq.

Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir. Ümumilikdə "Azərbaycan Hava Yolları" QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılıb. Hazırda yeni alınmış "Boeing-787" tipli hava gəmilərinin uzaq məsafəli marşrutlar da istismarına başlanılıb və mümkün yeni marşrutlar öyrənilir.

Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilib. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.

İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilib, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilib. Yaxın günlərdə 300 ədəd "İVECO" markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.

Avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam etdirilib. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, avtomobil yolları üzərində 3 körpü tikilib. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunub, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilib.

Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə və yüksək dizayn tərtibatı ilə icrası barədə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yol qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam etdirilib. Bakı-Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni Dənizkənarı Bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri cari ilin may ayının sonunadək başa çatdırılacaq. Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilib.

Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaq. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa Oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaq. Əsas Marşrut Şəbəkəsinin (47 km) oyunlara aid yol nişanları və oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaq.

Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət Qərargahı yaradılır.Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb ediliblər. Sürücülər üçün vahid geyim forması sifariş verilib. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınıb. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilib. Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilib və icrası vaxtında təmin olunacaq.

Aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır: "Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir. Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır".

"Səs" Analitik Qrupu

Digər xəbərlər