YAP Xəzər rayon təşkilatında Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olundu
Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə,
konfransı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Pərvanə Hacıyeva bildirib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva Azərbaycan və dünya oftolmologiya elminə böyük töhfələr verib: "Onun keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, eləcə də hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb. Məhz bu və bu kimi digər əhəmiyyətli faktorlar Zərifə xanımın Azərbaycan elmi və səhiyyəsi üçün gördüyü nəhəng işlərin nəticəsidir".
YAP Xəzər rayon təşkilatının qadınlar şurasının sədri Pərvanə Hacıyeva da öz çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib: "Belə ki, Ounn verdiyi əvəzsiz töhfələr Azərbaycanda tibb elminin inkişafına böyük təkan vermişdir. Zərifə Əliyeva həm də Azərbaycan qadınlarının nəcib xüsusiyyətlərini özündə birləşdirməklə Ulu Öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olub".
Reabilitasiya xəstəxanasının baş həkimi Cəvahir Mütəllimova isə çıxışında bildirib ki, Ulu Öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə Əliyevanın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edənlər - Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov və başqaları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışaraq, Onun ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdən olduğunu bildiriblər. Vurğulanıb ki, Zərifə Əliyeva məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Görkəmli oftalmoloq alimin xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
sia.az