"Tarixi yaradan dahi şəxsiyyət" mövzusunda növbəti tədbir keçirilib
Dünən Xaçmaz Heydər Əliyev Mərkəzinin Yalama filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə geniş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova açaraq "Tarixi yaradan dahı şəxsiyyət" mövzusunda məruzə ilə çıxış edib. K.Əsgərova Ulu Öndərin Azərəbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin inkişafından, müstəqillik dövründə isə inkişaf etmiş ölkələr səviyyəsinə çatmasında bir sıra lahiyələrin uğurla həyata keçirilməsindən danışıb: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır".
K.Əsgərova onu da vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır: "Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Bu gün ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir".
Tədbirdə Aqil Əlisultanov, Qərib Umudov və başqaları çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, aylarla, illərlə danışmaq mümkündür. Çünki Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda, bu gün, yaşadığimiz XXI əsrin özündə də öıkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, Onun zəngin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması mövqelərini möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Ulu Öndərin ildönümünə həsr olunmuş çay daşları üzərində xaçmazlı rəssam Ədalət Elmanın yaratdığı əsərlərə baxış keçirilib. Tədbirdə heykəltaraşlığın nadir nümunəsi olan çay daşları üzərində oyma sənətinə yeni başlayan gənclərə həvəsləndirici mükafatlar təqdim olunub.
Tədbir mədəniyyət ustalarının konsert proqramı ilə davam edib.
Ü.ƏSGƏROV