PDF Oxu

Siyasət

  • 22

Çernobıl qəzasında 29 il ötür

Çernobıl qəzasında 29 il ötür

Səbail rayon icra hakimiyyəti başçısının Çernobıl əlilləri ilə ənənəvi növbəti görüşü keçirilib

Hər il aprel ayının 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom-Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir.

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı AVMVB Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargahında Səbail rayon icra hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilib. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur: "Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq, ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 29 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".

A.Əsgərov onu da vurğulayıb ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı Cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Görüşdə o da vurğulanıb ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 3 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunmuş, 7 nəfər mənzil və 7 nəfər avtomobil növbəsinə götürülüb, 51 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb.

Çernobılçılar adından çıxış edən cəmiyyətin Səbail rayon təşkilatının sədri Xələf Həsrətov və başqaları onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Həmçinin, görüşdə vurğulanıb ki, respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində çernobılçular üçün yaşayış binasının tikintisinə qərar verilməsi Çernobıl əlilləri tərəfindən müsbət qarşılanmışdır.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

Ü.ƏSGƏROV

Digər xəbərlər