Biləsuvarda akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü qeyd olundu
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib. Tədbiri YAP Biləsuvar rayon təşkilatı qadınlar şurasının sədri Ləman Yüzbaşova giriş sözü ilə açaraq görkəmli alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat verib. Natiq qeyd edib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir: "Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi optalmologiyanın aktual mövzularına həsr edilmiş çöxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və proflaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrini müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Eyni zamanda Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görünmüş ilk qadın alimdir".
Tədbirdə Biləsuvar rayon mərkəzi xəstəxanasının oftalmoloqu Vəfa Məmmədova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Rəsmiyyə İsayeva çıxış edərək Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yoluna nəzər salıblar.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və yaradıcılığını əks etdirən film təqdim edilib.
R.HÜSEYNOVA