PDF Oxu

Siyasət

  • 17

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həll

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həll

Azərbaycan dövləti tərəfindən işğal olunmuş torpaqlardan didərgin düşən və ölkə ərazisində yaşayan qaçqın və məcburi köçkünlərə xüsusi qayğı və diqqət göstərilir. Bu qayğı və diqqət gündən-günə daha da artır. Buna misal olaraq qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsini, qaçqın ailələrinin övladlarının dövlət universitetlərində ödənişsiz təhsil almasını, onlar üçün işığın, suyun, qazın və. s. vasitələrin pulsuz olmasını göstərmək olar.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətin daim diqqət mərkəzində olmuşdur. Bu problem hazırda dövlətin aktual məsələlərindən biridir. Öz doğma yurdlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün problemləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan dövlətinin gündəlik probleminə çevrilmişdir. Ümumiyyətlə XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə qaçqınlıq və məcburi köçkünlüklə üzləşmişdir. Ermənistanın 1988-1992-ci illərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində təxminən 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycanın digər bölgələrinə köçürülmüşdür. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub, 700 min nəfərədək azərbaycanlı öz doğma yurdunda məcburi köçürülüb. Beləliklə, hazırda Azərbaycanda 1 milyon 200 min nəfərə yaxın qaçqın və məcburi köçkün vardır.

Ümummilli Lider Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı. Onun ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı.

Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi. 1994-cü ildə atəşkəsə nail olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana birbaşa yardım göstərilməsini qadağan edən Azadlığa Dəstək Aktına ədalətsiz "907-ci düzəliş"in icrası dayandırıldı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk Qrupunun təmsilçiləri ilə 200 və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox, həmçinin əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirmişdir.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad ediliblər. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılıb. Şübhəsiz, Ümummilli Liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

"İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir" deyən xalqımızın Ümummili Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı. Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi. Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemi daim Ümummilli Liderimiz Heydər Əliyevin gündəlik diqqət mərkəzində olmuşdur.

Ulu Öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti Onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident 2003-2014-cü illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 33 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələri və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmiş, bir Dövlət Proqramı və ona 2 əlavə təsdiq edilmişdir.

Yeni salınmış qəsəbələrin açılışlarında Cənab Prezidentin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz, xoş xatirələrə çevrilmişdir. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12-si ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış 4400 məcburi köçkün ailəsi yeni salınmış qəsəbələrə köçürülmüşlər. Qalan 4 fin tipli qəsəbədə və ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və ya çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə torpaq sahələri ayrılmış və müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçirilir.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,3 milyard manat büdcə vəsaiti, 1,8 milyardı Dövlət Neft Fondunun, 1 milyardı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilmiş, nəticədə 68 min nəfər məcburi köçkün faydalanmışdır. Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilmiş, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat, həmçinin yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır. Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilir.

Qeyd edək ki, bu gün də qaçqın və məcburi köçkünlərin yaşayışlarının yaxşılaşdırılması üçün dövlət tərəfindən müəyyən tədbirlər görülür.

Rəmzi İmanov,

tələbə

Digər xəbərlər