Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında həndbol və ağır atletika üzrə yarışlar keçirilib.
Həndbol yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 12 saylı məktəbin direktoru Əli Alıyev və başqaları turnirin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini bildiriblər, komandalara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Rayonun 20 məktəbinin iştirak etdiyi yarışda komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizə aparıblar. Yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 214 saylı məktəb I, 32 saylı məktəb II və 145 saylı məktəb isə III yerin qalibi olub. Sonda ikinci və üçüncü yerlərin sahiblərinə medallar və diplomlar təqdim edilib.
Turnirin qalibinin mükafatlandırılması isə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində baş tutacaq. Eyni zamanda, rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayon gəncləri arasında ağır atletikanın sinədən sıxma növü üzrə yarış keçirilib. Yarışda ağır atletika ilə məşğul olan 60-dan artıq idmançı iştirak edirdi. Onlar 5 çəki (70, 80, 90, 100 və 100+) üzrə güclərini sınayıblar. Yarışda əsas tələb kimi qoyulan və çəkisindən 2 dəfə artıq qaldıran idmançılar finala vəsiqə qazanıblar. Sonda bütün çəkilər üzrə I, II və III yerlərin qalibləri müəyyənləşib.
Mükafatlandırma mərasimində çıxış edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, yarışın qalibi, ağır atletikanın armvrestlinq üzrə Avropa ikincisi Ravid Həsənov və başqaları çıxışlarında idmana göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda yarışın qaliblərinə diplom və medallar təqdim edilib, xatirə şəkli çəkdirilib.
R.HÜSEYNOVA