"Heç şübhəsiz ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində xarici təşkilatlar Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirəcək. Çünki bizləri istəyən və istəməyən insanlar var". Bunu SİA-ya "Neftçi" klubunun prezidenti Çingiz Abdullayev bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində xarici təşkilatların Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına münasibət bildirərkən deyib."Neftçi" klubunun prezidentinin sözlərinə görə, birinci Avropa Oyunları Azərbaycan və dövlətimizin təbliğatı üçün çox lazımlı tədbirdir: "Bu tədbir həmçinin Azərbaycanın bütün dünyada reklamı üçün xüsusi önəm kəsb edir. Təbii ki, bunu başa düşməyən adamlar nəinki Azərbaycan hakimiyyətini, görünür heç ölkə xalqını sevmirlər. Bu gün hamımız şahidik ki, Ermənistanda hansı hadisələr cərəyan edir. Ona görə də Birinci Avropa Oyunları ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bunu biz hamımız dərk etməliyik. Mən hər kəsi bu Oyunlara dəstək olmağa çağırıram. Bəzən mətbuatda Avropa Oyunları ilə bağlı axmaq-axmaq yazılara rast gəlinir. Gəlin bu qarayaxma kampaniyasından əl çəkək".Ç.Abdullayev "Neftçi" klubunun prezidenti olaraq özünün fəaliyyət istiqamətindən də danışıb: "Çalışırıq ki, futbolçularımız yaxşı oynasın. Əgər bu olmayacaqsa, problemlərimiz də olduğu kimi qalacaq. Bu gün biz nəzər salsaq görərik ki, Azərbaycanın digər idman növlərində nə qədər böyük uğurları var. Axı bu nəyə görə futbolda olmasın? Türklər bacardılarsa, deməli biz də bacarmalıyıq".
sia.az