Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, ictimai xadim, əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzülüb, foto, kitab sərgisinə baxılıb. Mərkəzin elektron lektoriya zalında davam etdirilən tədbirdə iştirakçılar akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, görkəmli oftalmoloq haqqında filmə baxıblar.
Tədbiri rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə açaraq qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir: "XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini və aktuallığını saxlamaqdadır".
İ.Abbasov qeyd edib ki, gözəl təşkilatçı, ictimaiyyətlə dil tapıb işləmək istəyi olan Zərifə xanım həmişə ictimai işlərdə çalışmışdı:"Zərifə xanım SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olmuşdu. "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdi. Zərifə xanım Əliyeva müxtəlif illərdə bir sıra ordenlərə və medallara layiq görülmüşdü. Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdı".
Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 24 saylı Şəhər Poliklinikasının göz həkimi Rəna Qanbay, RİHB-nin Zığ inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov, 16 saylı Uşaq Poliklinikasının həkimi Aynurə Ələsgərova və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı İ.Abbasov qeyd edib ki, 2014-cü ildən Suraxanı rayonunda yeni ailə quran gənclərin nikah mərasimlərinin Suraxanı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunması artıq bir ənənə halını alıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümünü qeyd etdiyimiz bugünkü tədbirdə də yeni ailə qurmağa hazırlaşan gənclərin nikah mərasimi keçiriləcək.
Sonra yeni ailə quran gənclər İlqar Umbayev və Şəlalə Səlimovanın nikahı rəsmiləşdirilib. Rayon icra hakimiyyətinin başçısı onlara müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət - Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulayıb və gənc ailəyə hədiyyə təqdim edib.
Tədbir musiqili proqramla yekunlaşıb.
ZÜMRÜD