PDF Oxu

Siyasət

  • 11

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə qeyd olunub

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə qeyd olunub

Dünən Xətai rayon icra hakimiyyəti YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil qoyulub.

YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı qadınlar şurasının sədri Aygün Əhmədli Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolundan danışaraq, Azərbaycan tibb elminin inkişafına mühüm töfhələr verdiyini bildirib. O, qeyd edib ki, akademikin elmi-pedaqoji fəaliyyəti nəticəsində bu sahənin mütəxəssisləri yetişib və oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. A.Əhmədli gərgin axtarışlarının, zəhmətinin, elminin nəticəsi kimi Zərifə xanımın Azərbaycan məkanında, eləcə də, dünyada tanınmasına səbəb olduğunu bildirib: "Fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir".

Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva bildirib ki, akademik Zərifə xanım Əliyevanın hər kəsə örnək olan ana, alim və gözəl qadın olmaqla yanaşı, həm də Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur: "Görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsl vətəndaş kimi yaddaşlara əbədi həkk olmuşdur. Bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir".

Məraismdə digər çıxış edənlər də vurğulayıblar ki, oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparmış, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth etmiş Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub. Görkəmli alimin oftalmologiya elmində əldə etdiyi nailiyyətlərdən bəhs edilən çıxışlarda Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, gördüyü fundamental işlərin heç vaxt unudulmayacağı vurğulanıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv olanlara partiyanın üzvlük vəsiqələri təqdim edilib. Sonda görkəmli akademik Zərif xanım Əliyevanın həyat və yaradıcılığının əks etdirən film nümayiş edilib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər