Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Dərin Özüllər Zavodu ilə birgə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib. YAP üzvləri və neftçilərin iştirakı ilə müəssisənin həyətində, həmçinin həyətyanı sahəsində iməcilik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb, salınmış yaşıllıqlara qulluq göstərilib.
YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, ekoloji mühitin qorunması sahəsində hər bir kəs bu işdə daha fəal olmalıdır: "Ulu Öndər Heydər Əliyev hər zaman ətraf mühitin mühafizəsinə xüsusi diqqət göstərib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş vüsət alan hərəkatın əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Bu gün ekoloji problemlərin yaxşılaşdırılması Azərbaycan dövlətinin və onun rəhbərinin diqqət mərkəzindədir. Məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətlərdə irimiqyaslı layihələr həyata keçirilir. Elə 2010-cu ilin "Ekologiya İli" elan olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu ənənəyə sadiq qalan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri ətraf mühitin mühafizəsi işində hər zaman fəallıq göstərir, geniş abadlıq və yaşıllaşdırma işləri aparır, ağacəkmə kampaniyalarını uğurla davam etdirirlər".
A.Hüseynov onu da bildiridi ki, iməcilikdə ümumilikdə 200 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib, ətraf mühitin qorunması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
A.SƏMƏDOVA