Dünən Daşkəsən rayon icra hakimiyyəti YAP Daşkəsən rayon təşkilatının birgə təşklatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı anım tədbiri keçirib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, həkim və səhiyyə işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə tədbir iştirakçıları Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Daşkəsən rayon təşkilatı qadınlar şurasının sədri Rəna Aslanova Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, mənalı, keşməkeşli ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verib. R.Aslanova bildirib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə Onun portreti yaranır: "Tale Zərifə xanıma Onu sevən, Ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu... Ulu Öndər Heydər Əliyevin düz 14 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: "....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır." Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad böyütdülər. Zərifə xanım Azərbaycana Cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük".
YAP Daşkəsən rayon təşkilatı qadınlar şurasının şura üzvü Səidə Məmmədova da çıxışında bildirdi ki, məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif olunan ilk qadın alim idi.
A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova da Zərifə xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün yoldaşı kimi həyat və fəaliyyəti ilə bağlı danışıb. D.Mahmudova onu da vurğulayaraq ki, işıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır.
R.KAMALQIZI