Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinderslə görüşüb. SİA-nın məlumatına görə, həm təkbətək, həm də geniştərkibli nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional, beynəlxalq məsələlər və digər məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib, bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.
sia.az