İlham Əliyev: "İlk Avropa Oyunlarının məşəli ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin"
Bakı bu gün Birinci Avropa Oyunlarına bir addım da yaxınlaşdı. Hər ötən gün bu möhtəşəm tədbir həyacanını daha da artırır. Artıq 44 gündən sonra paytaxtımız dünya öləklərindən gələn qonaqları, idmançıları qəbul edəcək. Onların hər birinin yüksək səviyyədə təmini, oyunların dünya standartlarına uyğun məkanlarda təşkili olduqca məsuliyyətlidir.
Oyunlar zamanı ölkəmizə 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib ki, bununla da oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləmək mümkün olacaq.
Dünya miqyasında nüfuz sahibi olan və bu günə qədər təşkil olunan yarışların hər birinin əks-sədasını qitələrdən eşidən Azərbaycan Birinci Avropa Oyunlarını da öz adına uyğun şəkildə keçirməyi qarşısına məqsəd qoyub.
BİRİNCİ AVROPA OYUNLARININ MƏŞƏLİ 47 GÜN ƏRZİNDƏ AZƏRBAYCANIN HƏR BİR GUŞƏSİNİ GƏZİB-DOLAŞACAQ
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Bu hadisə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan "Atəşgah"dan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Bildiyimiz kimi, oyunlarin məşəlini alovlandırması Azərbaycan Prezidenti Cənab İlham Əliyevin, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımi Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə baş tutub. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır.
İLK AVROPA OYUNLARININ MƏŞƏLİNİN ALOVLANDIRILMASINA DÜNYA KİV-İ GENİŞ YER AYIRIB
İlk Avropa Oyunları məşəlinin alovlandırılması dünya KİV-nin diqqət mərkəzindədir. Belə ki, Rusiyanın bir neçə xəbər portalı bu hadisəyə geniş yer ayırıb. Məqalələrdə qeyd olunur ki, aprelin 26-sı ilk Avropa Oyunları həyəcanının başlanğıc günü kimi tarixə düşüb:"4 ildən bir keçiriləcək oyunlar Bakıda iyunun 12-dən 28-dək baş tutacaq. Oyunlarda 20 idman növündə 253 medal üzrə mübarizə aparılacaq. Təşkilat Komitəsi və "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti qarşısına qoyduğu planları reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıb".
İtaliya Milli Olimpiya Komitəsinin rəsmi internet səhifəsində "Bakı-2015" məşəlin səyahəti başladı" sərlövhəli yazıda tədbir haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Bakıdakı qədim od məbədi olan "Atəşgah"da keçirilmiş mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və başqaları qatılıblar.
Pakistanın "Centreline" jurnalında və "Diplomatic News Agency" İnformasiya Agentliyində "İlk Avropa Oyunları Bakıda keçiriləcək" sərlövhəli məqalələrdə 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyi bildirilir. Diqqətə çatdırılır ki, bu haqda qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) iclasında keçirilən gizli səsvermə zamanı qəbul edilib. Məqalələrdə Azərbaycan hökumətinin oyunlara ciddi hazırlaşdığı bildirilir, Prezident İlham Əliyevin bu mühüm idman tədbirini "tarixi hadisə" adlandırdığı oxucuların diqqətinə çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyev demişdir:"Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin".
Müəllif bildirir ki, oyunlara hazırlıqla bağlı 2013-cü il yanvarın 17-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Mehriban Əliyevanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunun vurğulandığı yazılarda Azərbaycanın birinci xanımının 2012-ci ildə Bakıda "Eurovision" Mahnı Müsabiqəsinin hazırlıq işlərinə rəhbərlik edərək bu tədbirin böyük uğurla təşkilini təmin etdiyi diqqətə çatdırılıb. Təşkilat Komitəsinə nazirlər, dövlət məmurları, olimpiya çempionları daxildir. Hazırlıq işlərinə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının təşkilində iştirak edən ekspertlər cəlb olunub.
Yazılarda, həmçinin ilk Avropa Oyunlarına hazırlıq işləri, tikilmiş idman obyektləri haqqında məlumat verilir. Vurğulanır ki, 69 min nəfər tutumu olan Bakı Olimpiya Stadionunda möhtəşəm açılış və bağlanış mərasimləri keçiriləcək. Ümumiyyətlə, ilk Avropa Oyunlarında 50 ölkədən 6 min atlet mübarizə aparacaq. İdmançıların və jurnalistlərin rahatlığı, onların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Oyunların proqramına salınan idmanın 20 növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya növləridir. İdmanın bəzi növləri üzrə oyunlarda medal qazanan atletlər Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
İlk Avropa Oyunlarının idmanın təbliği, ölkəmizin tanınması baxımından böyük önəm kəsb edir. İlk Avropa Oyunlarından sonra - 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, "Avro-2020" çempionatının final mərhələsinin dörd qarşılaşması keçiriləcək.
"BAKI-2015" BRENDİNDƏ YER ALAN NAR AĞACININ 50 ÇƏYİRDƏYİ OYUNLARDA İŞTİRAK EDƏN ÖLKƏLƏRİN SAYINI TƏMSİL EDİR
Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması, eləcə də Azərbaycanın və dünyanın idman tarixində əlamətdar olan hadisə "Euronews" kanalında da yan ötməyib. "Euronews" kanalında Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması ilə bağlı yayımlanan süjetdə vurğulanır ki, Olimpiya ənənəsinə uyğun olaraq, qədim od məbədi olan "Atəşgah"dan başlayan estafet maraqlı bədii proqramla müşayiət edilir. Süjetdə birinci Avropa Oyunlarının məşəlinin səyahətinin başlaması nümayiş olunur. Maraqlı bir fakt da diqqətə çəkilib. Belə ki, məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Məqalələrdə, hazırlanan süjetdə Azərbaycanda qısa müddət ərzində görülən işlər də yüksək qiymətləndirilir. Azərbaycan xalqı şərəf duyduğu və məsuliyyətlə yanaşdığı bir hadisəyə atrıq hazır vəziyyətdədir. Belə ki, nəqliyyat infrastrukturu yeniləşib və müasirləşib. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.
Bəli, Bakı oyunlara hazır vəziyyətdədir. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi artıq reallığa çevrilir. Məşəli alovlandırma mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bildirib ki, bu axşam Avropa idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olacaq: "İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə "Odlar Yurdu" Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür...Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar".
"Bakı-2015" Azərbaycanın səyi, sülsevərliyi ilə baş tutacaq. Görülən işlər səmərəsini verəcək. Avropa Oyunlarına gələcək qonaqlar Azərbaycan haqqında daha çox məlumat, zəngin təəssürat əldə edəcəklər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar:"Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi-memarlıq abidələri bizim qürur mənbəyimizdir. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!"
Avropa Oyunları ölkəmizlə tanışlıqdır. Təbii ki, bu oyunlar sülh və dostluq təmlinin möhkəmlənməsində rol oynayacaq.
Nəzakət ƏLƏDDİNQIZI