İlin ədəbi mənzərəsinə Ədəbiyyat İnstitutunda yekun vurulub
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr edilmiş "Ədəbi proses-2014" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli açaraq ölkəmizdə dövlət rəhbərliyi səviyyəsində son illər elm və təhsilə, mədəniyyət və ədəbiyyata olan qayğının, bu istiqamətdə aparılan genişmiqyaslı işlərin tənqid və ədəbiyyatşünaslıq elmini də əhatə etdiyini qeyd edib. İ.Həbibbəyli, həmçinin müasir dövrdə bədii ədəbiyyatın inkişaf istiqamətləri və perspektivləri barədə məlumat verib. Azərbaycanda ötən ilin ümumi ədəbi mənzərəsini real faktlarla diqqətə çatdıran akademik İ.Həbibbəyli ədəbiyyatşünaslığın ayrı-ayrı janrları üzrə ədəbi prosesin gedişatı və onun hazırkı vəziyyəti barədə ətraflı bəhs edib.
Azərbaycan Yazıçılar Birliyinin təmsiçilərinin də iştirakı ilə yaradıcılıq müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli göstərilən formatda aparılan müzakirələrdən yalnız ədəbiyyat elminin deyil, ümumiyyətlə cəmiyyətimizin fayda götürəcəyi müqabilində işin vacibliyini vurğulayıb. Şair və yazıçılarımızın qələmə aldıqları əsərlər ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən geniş təhlilə cəlb edilməli, Azərbaycan ədəbiyyatının yaşlı və orta nəsil nümayəndələri ilə yanaşı, gənclərin də bədii axtarışları, publisistika və dramaturgiya yaradıcılığı mükəmməl elmi-nəzəri tənqidin süzgəcindən keçirilərək geniş oxucu dairəsinə çatdırılmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, AYB-nin Tənqid və publisistika seksiyasının rəhbəri Bəsti Əlibəyli və "Əədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxış edərək uzun dövr fasilədən sonra artıq keçən ildən ədəbi proses üzrə yaradıcılıq müşavirəsinə Ədəbiyyat İnstitutunda yenidən start verildiyini əhəmiyyətli elmi-ədəbi hadisə, ədəbi həyatımızın sistemli yekunu və gələcək vəzifələrinin işıqlandırılması kimi dəyərləndiriblər.
Nizami adına Ədəbiyyat İnstitutunun Əədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin "İlin ədəbi mənzərəsi" mövzusunda geniş və ətraflı məruzəsi dinlənilib. Tənqidçi alimlərdən Nərgiz Cabbarlı ("2014-cü ilin şeiri"), Elnarə Akimova ("Poemalar"), Aynurə Mustafayeva ("Dramaturgiya"), Qürbət Mirzəzadə ("Tənqid"), Salidə Şərifova ("Ədəbiyyatşünaslıq"), Tehran Əlişanoğlu ("İlin romanları"), Maral Yaqubova ("Povestlər"), Mətanət Vahid ("Hekayələr"), Günay Qarayeva ("Uşaq ədəbiyyatı"), Lalə Həsənova ("Ədəbi gənclik"), Pərvanə Məmmədli ("Cənubda ədəbi proses"), Cavidə Məmmədli ("Bədii tərcümə") ədəbiyyatşünaslığın müxtəlif janrlarını səciyyələndirən ayrı-ayrı mövzularda məruzə ediblər. Məruzələrdə və çıxışlarda 2014-cü ildə çap olunmuş bədii-publisistik əsərlər konkret misallarla janrlar üzrə ədəbi tənqidin süzgəcindən keçirilib.
Məruzələr ətrafında müzakirələr və diskussiyalar aparılıb, polemika tədbir boyu davam etdirilib, çoxsaylı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.
R.HÜSEYNOVA